Bakının Sabunçu rayonunda 1984-cü il təvəllüdlü Şahbaz qısqanclıq zəminində yaranan mübahisə zamanı 1988-ci il təvəllüdlü əmisi oğlu Muxtarı (adlar şərti verilib - red.) öldürüb. Teleqraf.com-un əldə etdiyi məlumata görə, Şahbaz arvadı Vəsilə ilə iş yoldaşı Sabir arasında sevgi münasibəti saxlaması, habelə onların intim görüntülərinin Muxtarda olması və Muxtarın Vəsilə barədə rüsvayedici məlumatlar yaymasını bildikdən sonra 2023-cü ilin fevral ayından etibarən onunla dəfələrlə bu məzmunda söhbətlər edib.
Şahbaz arvadının xəyanətini təsdiq edən görüntüləri təqdim etməsini, əks halda bu söz-söhbəti yekunlaşdırmasını xahiş etməsinə baxmayaraq, əmisi oğlu hər dəfə müxtəlif bəhanələr gətirib, görüntüləri təqdim etməkdən yayınıb. 2023-cü ilin fevral ayından həmin ilin aprel ayınadək olan müddət ərzində arvadını gizli formada izləyərək, ona xəyanət etmədiyinə əmin olduqdan sonra əmisi oğlunun böhtan atdığını anlayıb.
Şahbaz Muxtarın bu hərəkətlərini özünə qarşı təhqir kimi qəbul edib və hiddətlənərək, qisas məqsədilə onu öldürmək qərarına gəlib. 5 oktyabr 2023-cü ildə işlədiyi Mahaçqala şəhərindən Bakıya qayıdıb. Oktyabrın 12-də Muxtarın işlədiyi Bakıxanov qəsəbəsindəki marketə gedib. Muxtarı orada tapmayanda növbəti gün, yəni oktyabrın 13-də saat 12 radələrində yenidən həmin mağazaya gəlib.
Muxtarla söhbət etmək və birlikdə çay içmək bəhanəsi ilə onu mağazadan uzaqlaşdırıb. Mağazanın yaxınlığında yerləşən, insanların görə bilməyəcəyi dalana gətirib və bir daha arvadı barədə yaydığı böhtan xarakterli söz-söhbəti yekunlaşdırması ilə bağlı iradlarını bildirib.
Özündə olan bıçağı çıxararaq, Muxtarın bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 16 zərbə vurub. Muxtar aldığı xəsarətlərdən vəfat edib.
İstintaq orqanı tərəfindən Şahbazın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahbaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, arvadı Vəsilə ilə 2008-ci ildə ailə həyatı qurub, birgə nikahlarından 3 qız övladları doğulub: "Müxtəlif tikinti yerlərində sifariş üzrə usta işləmişəm. Təxminən 2021-ci ildən Rusiya Federasiyasının Mahaçqala şəhərinə gedərək, orada tikinti yerlərində usta işləmişəm. Lakin daimi olaraq orada yaşamamışam. İl ərzində bir neçə ay işlədikdən sonra Bakı şəhərinə qayıtmışam.
Arvadım Vəsilə Bakıxanov qəsəbəsində "Şərq şirniyyatı" adlı mağazada satıcı işləyib. Vəsilə ilə münasibəltərimiz həmişə yaxşı olub".
Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin fevral ayında Rusiyadan Bakı şəhərinə qayıdıb: "Dəqiq xatırlamadığım tarixdə atam Səid zəng edərək, məni qardaşlarımın kirayə qaldığı evə çağırdı. Söhbət zamanı atam Vəsilənin mənə xəyanət etdiyini, ona görə ondan boşanmalı olduğumu bildirdi. Atamdan nəyə görə belə dediyini soruşdum. Bu barədə əmim oğlu Muxtarın məlumat verdiyini bildirdi.
Atam hətta Vəsilənin guya kimləsə görüşən zaman Muxtarın telefonla şəkilini və videosunu çəkdiyini də dedi. Atama bu məsələ ilə məşğul olacağımı bildirdim. Söhbətin səhəri günü Muxtarın işlədiyi marketə getdim, ondan arvadımın kimləsə görüşüb-görüşmədiyini soruşdum, onda şəkil və videolar olub-olmadığını bildirməsini istədim.
Muxtar Vəsilənin həqiqətən başqa oğlanla görüşəndə, hətta öpüşən zaman gördüyünü, şəkilini çəkdiyini, videosunu qeydə aldığını dedi. Amma şəkil və videoları göstərə bilmədi. Çünki guya telefonu oğurlanıbmış. Sonradan bildim ki, Muxtar mənim qardaşımın adına təzə telefon alıb. Buna görə Muxtarın bəhanə elədiyini başa düşdüm".
Təqsirləndirilən şəxs bildirib ki, həmin gün axşam saatlarında arvadı Vəsiləni və əmisi oğlu Muxtarı qardaşıgilin yaşadığı evə çağırıb və orada üzləşdirib:
"Üzləşmə zamanı Muxtar arvadımın başqa oğlanla görüşdüyünü desə də, öpüşdüyünü deyə bilmədi. Mən Muxtarın danışıqlarında yalan olduğunu hiss etdim. Arvadımdan Muxtarın nəyə görə belə dediyini soruşdum. Bildirdi ki, iş yoldaşı ilə bir dəfə "Səhram" marketin yanında görüşüb, həmin oğlan olan borcunu qaytarıb. Muxtar bizi görüb və elə başa düşüb ki, başqa münasibətlərimiz var.
Bu söhbətdən sonra 2023-cü ilin fevral ayından aprel ayınadək arvadım Vəsiləni izlədim. Lakin Vəsilənin hər hansı şəxslə görüşməsini, hərəkətlərində şübhəli məqam aşkarlamadım. Həmçinin, Muxtardan dəfələrlə arvadımın kimləsə görüşməsini özündə əks etdirən şəkil və videoları mənə göstərməsini tələb etsəm də, əmim oğlu müxtəlif bəhanələr gətirdi. Mənə heç bir şəkil və ya video göstərə bilmədi. Amma şəkil və videoları taparaq göstərəcəyini bildirdi".
Şahbazın sözlərinə görə, 2023-cü ilin aprel ayında Mahaçqala şəhərinə işləməyə gedib: "Mahaçqalada "WhatsApp"la Muxtara zəng etdim, arvadımın barəsində olan şəkil və videoları niyə göndərmədiyini soruşdum. Telefon danışığı zamanı o, "gəl Bakıya, söhbət edərik", - kimi ifadələr işlətdi.
Muxtara sual verdim ki, əgər mənə arvadımın kimləsə danışmasını sübut edə bilməyəcəkdisə, nəyə görə ailəm barədə belə sözlər yayıb biabır edir? Bu sözdən sonra Muxtar zəngi bağladı. Həmin telefon danışığından sonra əmim oğlunun yalan danışdığına məndə inam yarandı.
Muxtarın arvadım barədə yalan şayiələr yaydığı və özümü qohum-əqrəba arasında biabır olmuş kimi hiss etdiyim üçün Mahaçqala şəhərindən Bakıya qayıtdıqdan sonra ona cəza vermək məqsədilə bıçaqla xəsarət yetirmək qərarına gəldim".
Şahbaz qeyd edib ki, işləri bitdiyi üçün və ailəsini görmək məqsədilə oktyabrın 5-də Bakıya qayıdıb: "Mən hələ Mahaçqala şəhərində olarkən, Muxtara bıçaqla xəsarət yetirmək qərarına gəldiyim üçün oktyabrın 12-də saat təxminən 13 radələrində "Bakıxanov" ticarət mərkəzinə getdim.
Oradan 1 manat 60 qəpiyə mətbəx bıçağı aldım, Muxtarın işlədiyi marketə getdim ki, onu çağırıb söhbət edim, ayağından bir bıçaq zərbəsi vuraraq, ona xəsarət yetirim. Lakin Muxtarı marketdə tapa bilməyib evimə qayıtdım".
Şahbaz qeyd edib ki, oktyabrın 13-də aldığı bıçağı cibinə qoyub, yenidən Muxtarın işlədiyi marketə gəlib: "Onu marketdən bayıra çağırdım. Söhbət edə-edə avtoyuma məntəqəsinin qarşısına çatdıq, dalana daxil olduq. Əmim oğlundan yenə də arvadım Vəsilənin barəsində şəkil və videoları nəyə görə mənə vermədiyini soruşdum.
Muxtar isə guya həmin şəkil və videolar olan telefonun oğurlandığını deyib eyni sözləri təkrarladı. Onun bəhanə gətirdiyini başa düşdüm, yaxınlıqda yerləşən hamamın qarşısında bıçaqla ona xəsarət yetirmək istədim. Muxtarı öldürmək niyyətim yox idi. Lakin avtoyuma məntəqəsinin arxasındakı dalana keçib üzü hamama tərəf gedərkən, Muxtar mənə "sən mənimlə fahişə söhbəti edirsən?", - sözlərini söylədi.