Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 234.1-1-ci (külli miqdar narkotik vasitəni saxlama, daşıma, emal etmə) və 177-ci (oğurluq) maddələri ilə təqsiləndirilən Səbinə Cavanşir qızı Ağayevanın məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.
"Unikal"ın məlumatına görə, hakim məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkən şəxslərin - Lətafət Əzimovanın, Vüsalə Bayramovanın və Nəzakət Abdullayevanın anket məlumatlarını dəqiqləşdirib. Cinayət işində 19 nəfər zərərçəkmiş qismində tanınıb. İlk olaraq Vüsalə Musayeva ifadə verib: "Mənim geyim malları satılan mağazam var, yeni mallar gəlmişdi, başım qarışıq idi. Səbinə 2 saata yaxın guya mallar almaq adı ilə, səmimiliyimdən istifadə edərək mənim çantamdan 240 manat pulumu aparıb".
Təqsirləndirilən şəxs Səbinə Babayeva oğurluq cinayətini narkotik ehtiyacını ödəmək üçün etdiyini bildirib. Qeyd edək ki, Səbinə Ağayeva dəfələrlə məhkum olunub və 6 uşaq anasıdır.
Digər zərərçəkmiş şəxs Lətafət Əzimova 2160 manat ziyan çəkdiyini bildirib: "Həmin pul onkoloji xəstə olan oğlumun əməliyyat pulu idi, bankdan kredit götürmüşdüm, dörd gün sonra hadisə baş verdi. Hadisədən bir həftə sonra isə əməliyyat olundu. Çantamdan 1 560 manat pulumu və 600 manat dəyərində telefonumu götürüb. Mən Zahid Xəlilov küçəsində yerləşən gözəllik salonunda administrator işləyirəm, hadisə də orada baş verib. Eşitdim ki, həmin gün polis onu tutub, gedib sənədlərimi Yasamal Məhkəməsindən götürsəm də, pul yox idi".