Ağadadaş Ağayevin "Medera” hospitalını məhkəməyə verməsi təbiidir. İlk gündən bəlliydi ki, bu qovğada tərs bir şeylər, əndazələrin aşılması hadisəsi var.
İyul ayının üçüncü ongünlüyündə baş verən dava-dalaşın tərəfləri tanınmış sənətçi və klinikanın gözətçisi olsa da, ölkəni başına götürmüş qalmaqalda bir ilk baxışdan gözə görünməyən tərəf də vardı.
Bu, məhz “Medera” klinikasıydı. Adi bir məişət hadisəsini ölkənin ictimai-siyasi gündəminə pərçim edən, 7-dən 77-yə qədər hər kəsin bildiyi, müzakirə etdiyi bir ixtilafa dönüşdürən klinika rəhbərliyi olmuşdu.
Söz yox, yaşadığı ağrı-acı üzündən əsəblərini cilovlaya bilməyən sənətçi də, ona artıqlaması ilə cavab göstərən mühafizəçi də qatıldıqları davaya görə məsuliyyət, özü də cinayət məsuliyyəti daşıyırlar, amma klinika rəhbərliyinin məsuliyyət payı daha böyükdür.
Ona görə də Ağadadaş Ağayevin vəkili baş vermis hadisənin videogörüntülərini, onun klinikada müayinə və müalicəsi ilə bağlı məlumatları razılığı olmadan, qanunsuz formada ictimailəşdirildiyini, bunun hüquq normalarına zidd olduğunu bəyan edərkən haqlıdır.
Vəkil düz deyir, həmin görüntülər gerçəkdən də A.Ağayevin şəxsi həyatının gizliliyini pozub, onun şərəf və ləyaqətinə, ictimai nüfuzuna ciddi, bərpaolunmaz zərər vurub.
Təsəvvür edin ki, 42 ildən bəridir ölkənin şou-biznes sferasında populyar olan, hər kəsin tanıdığı bir sənətçi klinika rəhbərliyinin səyi nəticəsində ictimaiyyətə cinayətkar kimi təqdim edildi və xalqda yaradılmış ilk rəy sona qədər eyni cür qaldı, hələ də elədir.
Hadisə barədə “Medera” tərəfindən müxtəlif media qurumlarına servis edilən ilk xəbərin başlığı beləydi: “Ağadadaş Ağayev adam baltaladı”.
Sonra onsuz da brend olan bu ad-soyadın sıradan birinə, Ağayev Ağadadaş adlı başqa və adi adama məxsus olmadığını göstərmək üçün müvafiq başlığa “müğənni” sözü də əlavə edildi.
Ardınca təfərrüatlar yayıldı, məlum oldu ki, müğənni heç də kimisə baltayla şaqqalamayıb, üstünə gələn adama 10-15 metrdən balta atıb və balta klinikanın qapısından içəri keçib.
Bütün bu hadisələrin hamısının klinikanın İT mütəxəssisləri tərəfindən montaj edilmiş videogörüntüləri gen-bol yayılırdı.
Sonra iddia olundu ki, A.Ağayevin atdığı balta klinikanın xadiməsini yaralayıb. Ancaq ortada yaralı yox idi, sadəcə, bir qadının adı çəkilirdi. Daha sonra bəlli oldu ki, balta qadını ciddi yaralamayıb, eləcə, sapı qadının ayağına toxunub. Videoların birində görünürdü ki, bir qadın qıvraq hərəkətlə baltanı yerdən götürüb gizlətməyə aparır.