Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin Təcili və Təxirəsalınmaz Yardım Avtoparkı bölməsinin rəisi vəzifəsində işləmiş şəxslər - Hüseynov Vidadi Qaçay oğlu və Hüseynov Vüsal Vidadi oğlu, habelə həmin bölmənin dispetçeri Abdullayev Məhəbbət Əliş oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İstintaqla Vidadi Hüseynovun Məhəbbət Abdullayevlə əlbir olaraq özlərində saxladıqları faktiki işə gəlməyən 36 nəfər işçiyə aid əməkhaqqı kartına köçürülmüş pul vəsaitini nağdlaşdırıb mənimsəmələrinə, eləcə də təqaüdə çıxdıqdan sonra tutduğu vəzifəyə təyin olunan Vüsal Hüseynovla birgə qanunsuz əməllərin davam etdirilməsini təşkil edərək nasaz vəziyyətdə olan avtomobillərə normadan artıq yanacağın sərf edilməsi barədə rəsmi sənədləri saxtalaşdırmasına, sadalanan qanunsuz yollarla əldə etdiyi ümumilikdə 1,1 milyon manatdan artıq pul vəsaitinin bir hissəsini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.