Talassemiyalı uşaqlar üçün toplanmış bir milyonluq vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.
Nuridə Seyidova deyib ki, 2012-ci ildən tibb sahəsi üzrə əmək fəaliyyəti ilə məşğuldur. 2020-ci ildə isə həmin sahə üzrə şirkət yaradıb:
"Bizim Antalya Medical Parkla müqaviləmiz olub. Həmin xəstəxanaya xəstə göndərirdik. Aynur xanımı 2022-ci ildən Fidan xanım vasitəsi ilə tanımışam. Fidan dedi ki, Aynur onların qan daşıyıcısıdır. Aynur xanıma qədər talassemiya xəstələri ilə işləməmişəm. Xəstələri Aynurla Aysel gətirirdi. Bir neçə xəstəxanadan bizə xəstələr göndərilirdi. Mərkəzi Klinikada Tariyel adlı həkim Mərkəzi Gömrük Hospitalından da Mircəlal adlı transpotoloq var idi. onlar Aysel xanım vasitəsi ilə bizə xəstə göndərirdilər".
Müttəhim Aysel Məmmədovanın sözlərinə görə, Mircəlal doktorla birbaşa Nuridə Seyidova özü görüşüb:
"Xəstələrdən əməliyyat pulunun yarısını alıb Nuridəyə verirdim. Nuridə də üstünü düzəldərək xəstələrin əməliyyat olunacağı Mərkəzi Klinika, Olimp Hospital və Mərkəzi Gömrük Hospitalına köçürürdü."
Müttəhim Aynur Bayramova bildirib ki, 2018-ci ildən Türkiyədə yerləşən Antalya Medical Parkda qan daşıyıcısı işləyib. Onun sözlərinə görə, övladı xəstə olduğu üçün sözügedən xəstəxanaya gedib-gəlirmiş, həmin vaxt tibb müəssisəsindən iş təklifi alıb.