Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi (İK Bİİ) Çeçenistandan olan keçmiş sərbəst güləşçi Tarxan Eldukayevə qarşı 1996-cı ildə dağ yəhudiləri Tair və Telman Qurşumovun həyatına sui-qəsddə yeni ittiham irəli sürüb. İstintaqın məlumatına görə, sui-qəsddin sifarişçisi Çerkizovski bazarı üstündə qardaşlarla münaqişəsi olan Telman İsmayılov olub. Təqsirləndirilən şəxs özü təqsirsiz olduğunu, müdafiə tərəfi isə prosessual pozuntulara yol verildiyini bəyan edib. Eyni zamanda, axtarışda olan Telman İsmayılova heç bir əlavə ittiham əlavə olunmayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant" yazır.
Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin müstəntiqi "Kremlyovski Sentral" kimi tanınan istintaq təcridxanasında dörd vəkilin iştirakı ilə Tarxan Eldukayevə qarşı ittiham irəli sürüb. Təqsirləndirilən şəxs iki qətldə və iki adam öldürməyə cəhddə ittiham olunub. Üstəlik, cinayətlərin bəziləri RSFSR Cinayət Məcəlləsinin hələ qüvvədə olduğu 1996-cı ilə aiddir.
Müstəntiqlərin məlumatına görə, 1996-cı ilin dekabrında "Zar" şirkətinin rəhbəri Tair Qurşumov ilə Çerkizovski bazarının ərazisində torpaq sahələrini icarəyə götürən "KBF AST” MMC-nin baş direktoru Telman İsmayılov arasında mənfəətin bölüşdürülməsi ilə bağlı münaqişə baş verib. İstintaqa görə, bundan sonra İsmayılov rəqibini aradan götürmək qərarına gələrək onun mühafizəsinə rəhbərlik edən Tarxan Eldukayevə müraciət edib.

Tarxan Eldukayev
"Güləşçi cənab İsmayılova "şəxsi maraqdan, sədaqətlə şərtlənən” hərəkət edərək, bilinməyən məbləğdə mükafat müqabilində qurbanları izləməyə və onları aradan götürməyə razılaşan indiyədək məlum olmayan iki ifaçı tapıb. Cinayətin təşkilatçısı qrupun bütün üzvlərinin hərəkətlərinə ümumi rəhbərliyi həyata keçirən” cənab İsmayılov olub”, deyə cinayət işinin materiallarında deyilir.