Azərbaycanda cinayətkarlığa qarşı keçirilmiş ən böyük əməliyyatlardan birinin istintaqı aparılıb.
Pravda.az xəbər verir ki, "Qafqazinfo” həmin əməliyyatın detallarını əldə edib.
Cinayət yolu ilə gələn pulların leqallaşdırılması, qanunsuz sahibkarlıq, qaçaqmalçılıq...
Ötən ilin sonlarında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsi barədə məlumat daxil olub. Həmin məlumat əsasında keçirilən xüsusi əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər həbs edilib.
Bunlar- Qasımov Bahadır Ağaqulu oğlu, Qasımov İkram Ağaqulu oğlu, Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğludur. Bahadır və İkram doğma qardaş, Fərhad isə onların əmisi oğludur. İstintaq həbs edilən şəxslərdən əlavə də eyni cinayətdə iştirak edən, lakin hələ şəxsiyyətləri müəyyən edilməyən şəxslərin olduğunu istisna etmir.
İttiham ondan ibarətdir ki, təqsirləndirilən şəxslər xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar bu əməlləri ilə faktiki olaraq bank fəaliyyəti həyata keçirib, nəticədə xüsusilə külli miqdarda vergi ödəməkdən yayınıblar. Pulların leqallaşdırlması isə əsasən Bakının Yasamal rayonunda, İstanbul və Dubay şəhərindəki ofislərdə həyata keçirilib. Şirkətin rəhbəri isə Bahadır Qasımov olub. O özü Rusiyada yaşadığı üçün idarəçiliyi qardaşı İkrama həvalə edib. İkram da əmisi oğlu Fərhad və onun tanışları Cavid və Anarla birgə qanunsuz pul leqallaşdırmaqla məşğul olublar.
Bahadır Qasımov bu işlə məşğul olmazdan əvvəl də yaxşı imkana malik olub. Onun Rusiyada bankı və şirkətləri var. Azərbaycana gəldikdən 1 həftə sonra tutulub. Həmçinin qardaşı İkramın Dubayda avtomobil satışı ilə məşğul olan şirkəti mövcuddur. Bakıdakı şirkət isə onların üçüncü qardaşı Bibiqulu Qasımovun adına rəsmiləşdirilib.
Milyonlarla pul, qızıl-brilyantlar, odlu silahlar...