Şou biznes əhlinin adı ətrafında qalamallar səngimək bilmir. Onların demək olar ki, hər addımı, hər qərarı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olur.
Sənət adamlarının tətil gündəmi bu müzakirələri yenidən qızışdırıb. İlboyu pulsuzluqdan gileylənən məşhurların yayda dünyanın ən bahalı ölkələrinə tətilə getməsi onları yenidən hədəfə gətirib. Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış televiziya eksperti, jurnalist Anar Vəziroğlu bildirib ki, məşhurların bir çoxu efirlərdə yalandan maddi imkanlarının zəif olduğunu deyirlər: “Xalq nə düşünürsə, sosial şəbəkələrdə nə yazırsa, əvvəl-axır bu, düz çıxır. Çünki camaat elə-belə söz danışmır. Bəzi müğənnilər yalandan efirdə ağlaşma qururlar, pulsuzluqdan şikayətlənirlər, amma əslində bu doğru deyil. Onların iç üzü bircə pandemiya dövründə göründü, onda 2 il idi ki, toysuz, pulsuz qalmışdılar, gileylənməkdən taqətdən düşmüşdülər. Çünki ömür boyu onların əlləri pulla oynayıb. Məşhurlar həqiqətən yüksək səviyyədə yaşayırlar, külli miqdarda pulları var.
Onların Avropa ölkələrinə gedib gəzməyi də digər həmkarlarının acığınadır. Məşhurlar bir-birləri ilə daim bəhsə girirlər. Biri bahalı ölkəyə gedirsə, digəri çalışır ki, ondan da bahalı yerə getsin. Bədbəxtçilikləri də elə budur, onların bir-birini görməyə gözü yoxdur, yalandan həmkarlarının üzlərinə gülməyinə baxmayın.
Bir məclisdə rastlaşırlarlar, şappa-şup öpüşüb görüşürlər, digəri uzaqlaşan kimi həmkarı deyir ki, əşşi, bu da axmağın biridir. Şou-biznes nümayəndələri dəhşətdir, sanki onların xəmiri başqa yerdən yoğrulub”.