Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb.
Məlumatda bildirilmişdir ki, son dövrlərdə kütləvi informasiya vasitələrində, bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer alır. Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də çoxsaylı vətəndaş müraciətləri daxil olur.
Kütləvi informasiya vasitələrində yer alan məlumatların və Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərinin müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarla müəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunub.