Prezidenti İlham Əliyevin 3 iyunda Tərtər rayonundakı idman kompleksinin açılışında ictimaiyət qarşısındakı çıxışı dünya siyasətçilərinə bir mesaj idi. Həm anlayana, həm anlamayana, elə həm də anlamaq istəməyənə!
Ölkə rəhbəri çox təəssüf hissilə Avropa Şurası Parlament Asambleyasının işğalçı ölkə Ermənistanla müqayisədə Azərbaycana qarşı tam qərəzli mövqe tutduğunu bildirdi və bir sıra məsələlərə aydınlıq gətirdi. Təməlini təşkil edən bəşəri, demokratik dəyərlər məhz qurumun özü tərəfindən dəfələrlə pozulur və prezident bu qərəzli münasibəti böyük dəqiqliklə ifadə etdi - Azərbaycanafobiya.
Ümumiyyətlə AŞPA-nın və ya elə bəzi avropalıların bu konteksdə Azərbaycana qarşı qərəzli mövqeyinin tarixi daha qədimdir, qəribə səslənsə də artıq xroniki hal alıb. 1828-ci il. Türkmənçay müqaviləsindən sonra ermənilərin kütləvi qaydada Azərbaycan ərazilərinə köçürülməsi, bölgədəki müsəlmanları zorla köçə və qırğınlara məruz qoyaraq kilsəni ön plana çəkməklə xristianlığın qabardılması prezidentin Azərbaycanafobiya və İslamafobiya ifadələrinə dəqiqliyilə uyğun gəlir.
Bəli, XX əsrin əvvəllərində azərbaycanlılara qarşı dəfələrlə soyqırımların təşkil olunmasında müxtəlif vasitələrlə rol oynayan, Azərbaycanın sərvətlərinə və ərazilərinə göz dikən, Azərbaycan Xalq Cumhuriyyətinin süqutuna zəmin yaradan da avropalılar idi, düz yüz il sonra AŞPA-da təmsil olunanlarda. Tarix və faktlar göstərir ki, Azərbaycana qarşı qərəzli mövqe onlara ata-babalarından yadigar qalıb.
Cənab Prezident Tərtərdə çıxışında ilk əvvəl irsimizə sahib çıxmağın zəruri olduğunu bildirdi. 1918-ci ildə baş verənlərə toxunaraq tarixi hadisələrdən ibrət götürməliyik dedi. O dövrdə Azərbaycanın digər ərazilərinə iddia etməsinlər deyə İrəvanı ermənilərə güzəştə getdik. Amma onlar acgözlüklərindən, məkirli niyyətdən əl çəkmədilər. Ermənistanın hazırki ərazisi tamamilə Qərbi Azərbaycandır. Ermənilər indidə işğal etdikləri Qarabağ ərazisində və ətraf rayonlarda ikinci erməni dövləti yaratmaq xülyasındadırlar. Kiminsə malına, dövlətinə, milli sərvətinə, adət-ənənəsinə, musiqisinə göz dikə-dikə...
BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş əraziləri ilə əlaqədar 1993-cü ildə 4 qətnamə qəbul edib. Bundan başqa Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin vacibliyinə dair Avropa qurumlarının, İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının qətnamələri var. Ancaq bu sənədlər hamısı yalnız kağız üzərindədir və Ermənistan indiyə qədər bu qətnamələrdə öz əksini tapan tələbləri yerinə yetirməyib, Azərbaycan torpaqları hələ də işğal altındadır. Təsəvvür edin erməni həyasızlığı o dərəcəyə çatıb ki, bu yaxınlarda Dağlıq Qarabağda qondarma “seçkilər” keçirdilər, ütsəlik özlərinə qondarma bir “prezident” də seçdilər. Gülünc səslənir bəli, amma qondarma bir inaqurasiya şousu da təşkil etdilər. Düzdür, əksər beynəlxalq təşkilatlar bu şounu qınadılar və bu absurd, qondarma seçkiləri qəbul etmədilər. Axı istər daxili, istərsə də beynəlxalq baxımından bu seçkilərin heç bir hüquqi əhəmiyyəti yox idi. Amma Avropa Şurası... Bu mötəbər qurum həmişə olduğu kimi bu məsələdə də susmağı üstün tutdu.