Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Zəkiyyə İğılın etimadnaməsini qəbul edib. Pravda.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif səviyyələrdə məmnunluq hissi doğurduğunu deyərək siyasi, iqtisadi, enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğuladı.
Azərbaycanın gözəl ölkə olduğunu və buraya səfərindən sevinc hissi duyduğunu bildirən səfir, ilk növbədə, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun salamlarını dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, Əlcəzair prezidenti dövlətimizin başçısı ilə dostluğunu yüksək qiymətləndirir. 2022-ci ildə Azərbaycan Prezidentinin Əlcəzairə səfərinin əlaqələrimizin tarixində yeni səhifə olduğunu deyən Zəkiyyə İğıl vurğuladı ki, Abdelmacid Tebbun Əlcəzairdə keçirilən prezident seçkilərində qələbəsi ilə bağlı dövlətimizin başçısının ona təbrik məktubuna görə minnətdarlığını ifadə edir və Azərbaycan ilə münasibətləri daha da möhkəmləndirmək əzmindədir.
Səfir fəaliyyəti dövründə əlaqələrimizin daha da genişlədirilməsi istiqamətində səylərini əsirgəməcəyini dedi.
Əlcəzair Prezidentinin salamlarına görə minnətdarlığını bildirən dövlətimizin başçısı, onun da salamlarını Abdelmacid Tebbuna çatdırmağı xahiş etdi və Prezident seçilməsi münasibətilə bir daha təbriklərini çatdırdı.
Dövlət başçısı Əlcəzairə səfərini məmnunluqla xatırlayaraq bu səfərin ölkələrimiz arasında sıx əməkdaşlığı bir daha nümayiş etdirdiyini vurğuladı.