500 milyon manatı “qara yolla” xaricə daşıyan dəstə ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. Dəstə uzun illər yarıgizli fəaliyyətdə olub.
Dəstə ötən ilin sonlarında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən ələ keçirilib.
Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsi barədə məlumat daxil olub. Həmin məlumat əsasında keçirilən xüsusi əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər həbs edilib. Bunlar Bahadır Ağaqulu oğlu Qasımov, İkram Ağaqulu oğlu Qasımov, Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədovdur. Bahadır və İkram doğma qardaş, Fərhad isə onların əmisi oğludur. İstintaq həbs edilən şəxslərdən əlavə də eyni cinayətdə iştirak edən, lakin hələ şəxsiyyətləri müəyyən edilməyən şəxslərin olduğunu istisna etmir.
İttiham ondan ibarətdir ki, təqsirləndirilən şəxslər xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar bu əməlləri ilə faktiki olaraq bank fəaliyyəti həyata keçirib, nəticədə xüsusilə külli miqdarda vergi ödəməkdən yayınıblar. Pulların leqallaşdırılması əsasən Bakının Yasamal rayonunda, İstanbul və Dubay şəhərindəki ofislərdə həyata keçirilib. Şirkətin rəhbəri isə Bahadır Qasımov olub. O özü Rusiyada yaşadığı üçün idarəçiliyi qardaşı İkrama həvalə edib. İkram da əmisi oğlu Fərhad və onun tanışları Cavid və Anarla birgə qanunsuz pul leqallaşdırmaqla məşğul olublar. Bahadır Qasımov bu işlə məşğul olmazdan əvvəl də yaxşı imkana malik olub. Onun Rusiyada bankı və şirkətləri var. Azərbaycana gəldikdən 1 həftə sonra tutulub.
Həmçinin qardaşı İkramın Dubayda avtomobil satışı ilə məşğul olan şirkəti mövcuddur. Bakıdakı şirkət isə onların üçüncü qardaşı Bibiqulu Qasımovun adına rəsmiləşdirilib. Dəstə üzvlərinin işlədikləri ofisdə və evlərində keçirilən xüsusi əməliyyatlar dəhşətli faktların üstünü açıb. Əldə edilmiş sənədlərlə müəyyən edilib ki, şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin də 1 faizi - 2 milyon 500 min manatı xidməthaqqı kimi onların özünə qalıb. Bununla da onlar qanunsuz sahibkarlıq edib, həmçinin qanunsuz leqallaşdırma həyata keçirdikləri üçün daha ağır cinayət törədiblər. Bütün bunlar istintaqın sübutlarıdır. Hələ ki, məhkəmə tərəfindən hüquqi qiymətini almayıb. İkram Qasımovun razılığı ilə Yasamalda yerləşən sözügedən ofisdə və onun yaşadığı evdə axtarış həyata keçirilib. Böyük məbləğdə pullar, qızıl-zinət əşyaları və silahlar aşkar edilib.
Burada söhbət 1 milyon 500 min dollar və 1 milyon 400 min manata yaxın puldan, iki ədəd odlu silahdan və 100 ədədə yaxın qızıl-brilyantdan gedir. Onların da qiyməti 1 milyon manata yaxın qiymətləndirilir.
İttihama görə, qızıl-zinət əşyaları ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib. Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin yüzlərlə əmlakı üzərinə həbs qoyulub. Həmin əmlakları tək-tək sıralamaq kifayət qədər yer tutar. Buraya 100-ə yaxın “Range Rover”, “Bentley”, “Mercedes”, BMW, “Mitsubishi” və digər markalı minik avtomobilləri, bir neçə yük maşını, motosikletlər, Bakıda və bölgələrdə yerləşən çoxsaylı mənzillər, bağ evləri, qeyri-yaşayış sahələri, qayıqlar, qarajlar və digər əmlaklar daxildir. Təxmini hesablama ilə bütün əmlakların ümumi bazar dəyəri 500 milyon manata yaxındır. Həbs edilən şəxslərdən Fərhad istisna olmaqla, digərləri istintaq vaxtı özlərini təqsirli bilməyiblər.
Dəstənin Bakıda fəaliyyəti haqda “Yeni Müsavat”a 2021-ci ilin yanvarda daxil olan məlumatda deyilirdi ki, Yasamalda qanunsuz pul köçürmələri ilə məşğul olan dəstə var.