2023-cü il oktyabrın 26-ı saat 19 radələrində Bakının Xətai rayonunda 1987-ci il təvəllüdlü Pərvanə Məhərrəmova qətlə yetirilib. Onun keçmiş əri Tərtər rayon sakini 1982-ci il təvəllüdlü Zamiq Tanrıverdiyev könüllü olaraq 35-ci Polis Bölməsinə gələrək, qadını öldürməsi haqda məlumat verib.
Məlum olub ki, hadisə İnqlab İsmaylıov küçəsi, 15 ünvanında yerləşən gözəllik salonlarından birində baş verib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Zamiq Tanrıverdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə 2 il şərti cəzaya məhkum olunub. Buna baxmayaraq, o, 2023-cü il oktyabrın 26-ı saat 18:30-da keçmiş arvadı Pərvanə Məhərrəmovanın dırnaq ustası işlədiyi gözəllik salonuna gəlib. Salonda Zamiq Pərvanə Məhərrəmovanı yanına çağıraraq, yüngül həyat tərzinə son qoymasını bildirdikdə, qadın ona "get işinlə məşğul ol, öz həyatımdı, özüm bilərəm" söyləyib. Bundan hiddətlənən Zamiq Tanrıverdiyev bıçaqla Pərvanə Məhərrəmovanın bədənin müxtəlif nahiyələrinə ümumilikdə 25 dəfə zərbə endirib. Nəticədə qadın ölüb.
Məhkəmə baxışında Zamiq Tanrıverdiyev bildirib ki, Pərvanə Məhərrəmova ilə 2004-cü ildə ailə qurub, nikahlarından 2 övladları dünyaya gəlib. 2022-ci ildə Tərtər rayon Məhkəməsinin qətnaməsi ilə rəsmi boşanıblar:
"Nikahımız pozulandan sonra arvadım 18 və 17 yaşlı qızlarımızla birlikdə kirayə mənzildə qalırdı. Pərvanə evin yaxınlığında yerləşən gözəllik salonunda işləməyə başlamışdı. Oktyabrın 26-da evdən mətbəx bıçağını götürüb, salona yollandım. İçəri girəndə Pərvanədən başqa orda 2 xanım da vardı. Onlara doğru getməyərək, keçmiş arvadımı səslədim. Pərvanəyə "səhv yoldasan, bunu etmə" deyəndə, qadın "get işinlə məşğul ol" söylədi. Bıçaq zərbələri vurarkən, demək olar ki, qadın müqavimət göstərə bilmədi. Qışqırdı, sonra isə səsi kəsildi. Çox bıçaq vurmağımın səbəbini özüm də bilmirəm. Salondan çıxıb, birbaşa 35-ci bölməsinə getdim".
Zamiq Tanrıverdiyev qeyd edib ki, yoldaşı ilə ayrılsa da, övladlarının həyatına biganə qala bilməyib. Pərvanənin tanımadığı avtomobilə əyləşməsini görəndən sonra, onun əxlaqsız həyat tərzi sürməsini düşünüb. Hadisədən əvvəl neçə dəfə ona xəbərdarlıq edib. Həmin gün də iş yerinə bu məqsədlə gedib, amma eşitdiyi cavabdan sonra, özünü saxlaya bilməyərək, qadını öldürüb.