İngilis səyyahı Karl Buşbi Xəzər dənizini üzüb keçərək Aktaudan Bakıya gəlib.
O, ümumilikdə 288 km-lik məsafə üzüb.
Bütün dünyanı piyada gəzməyi hədəfləyən və səyahətlərinə 1998-ci ildə başlayan Buşbi Xəzər dənizini üzərək Qazaxıstandan Azərbaycana gəlib.
Qazaxıstanın Aktau şəhərində 41 gün əvvəl dənizə girən və bu müddətin 32 günündə 288 kilometr məsafəni üzərək qət edən Buşbini bir dostu və iki azərbaycanlı peşəkar üzgüçü müşayiət edib.
Xəzər dənizindəki istirahət mərkəzlərindən birinin çimərliyinə yollanan Buşbini Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasilyeva, Azərbaycan idmançıları və vətəndaşlar qarşılayıblar. Sahildə Buşbi və dostunun pasportları müvafiq orqanlar tərəfindən Azərbaycana daxil olmaq üçün möhürlənib.