Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Elşən Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Elşən Hüseynov “Məşədi Dadaş” məscidinin axundu Əli Şərbətovu dini ədavət niyyəti ilə öldürməyə cəhd etməkdə ittiham olunur.
Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, 2023-cü il avqustun sonunda Elşən Hüseynov “Məşədi Dadaş” məscidinin axundu Əli Şərbətovla görüşüb fikirlərini bölüşüb, onların arasında fikir ayrılıqları yaranıb. Bir daha görüşmək üçün orada olarkən xidmətçi kimi çalışan Rəsul Həsənli onu içəri buraxmayıb. Bir neçə ay bu hal davam etikdən sonra Elşən Hüseynov bıçaqla yenidən məscidə gedib. İçəri daxil olmaq istəyərkən qarşısını alan Rəsul Həsənliyə bıçaqla xəsarət yetirib, sui-qəsd törətmək üçün Əli Şərbətovun otağına daxil ola bilməyib.
İttiham aktı elan olunduqdan sonra hakim zərərçəkmişlərin məhkəmədə iştirakı olmadan baxış iclasının keçirilməsini elan edib.
Təqsirləndirilən şəxs Elşən Hüseynov ittihamın aydın olduğunu bildirib:
“Mənə hər şey aydındır. Amma qəbul etmirəm”.
Hakim Rasim Sadıxov qeyd edib ki, əgər Elşən Hüseynov elan olunan maddələr üzrə təqsirli bilinsə, 20 ilə yaxın azadlıqdan məhrum edilə bilər. Prosesin davamında təqsirləndirilən Elşən Hüseynova sərbəst ifadə vermək təklif olunub.
O, ifadəsində bildirib:
“2023-cü ilin yay aylarından “Məşədi Dadaş” məscidinə gedib, məscidin axundu Əli Şərbətovla görüşüb danışmaq istəyirdim. Çox rahat görüşdüm, danışdım. Heç bir problem olmadı. 1 ay sonra yenidən getdim görüşmək üçün. Bir məsələ var idi ona görə. Orada qeyri-rəsmi təhlükəsizlik xidmətində çalışan Rəsul Həsənli qabağımı kəsdi, dedi, axund yoxdu, qayıtdım. Amma bu davamlı oldu. 4-5 ay hər dəfə görüşmək üçün gedəndə mane oldu. Mən Allah tərəfindən imam təyin olunmuşam”.