Xəbər verdiyimiz kimi, sentyabrın 16-ı İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbinin önündə dərs deyən və icra nümayəndəsi ilə mübahisəsi ilə gündəmə gələn ibtidai sinif müəllimi Leyla Nəcəfquluyeva işdən çıxarılıb. Rəsmi açıqlamada onun şagirdləri dərsdən yayındırdığı, eyni zamanda Tiktok sosial şəbəkə hesabından canlı videogörüntü paylaşaraq, şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə etdiyi bildirilib. Pravda.az xəbər verir ki, mövzu ilə bağlı axar.az-a danışan Leyla Nəcəfquluyeva isə bildirib ki, onun işinə xitam verilməsi məsələsi uzun müddətdir planlaşdırılıb.
“Bu məsələ mənim sanitar qovşaqla bağlı problemi ictimailəşdirməyimdən bəri müzakirə olunurdu. 2023-cü ilin 8 yanvarında sosial şəbəkələrdə sanitar qovşaqla bağlı etirazım yayıldı. Videoda sanitar qovşaqdakı problemləri, orada bir uşağın qapı arxasında kilidli qalmasını, uşaqların incidildiyini demişdim. Həmin söhbətdən sonra 2 gün İH-də, bir gün də sektor müdirliyində oldum. Ardınca söhbət böyüdü, direktoru çağırdılar, dedilər, Leyla müəllimə niyə bu qədər hay-küy yaradıb, bu görüntülər niyə sosial mediada yayılıb? Həmin vaxt mənə bildirdilər ki, onsuz da geci-tezi var, çox özbaşınalıq edirsən, müqavilənə xitam veriləcək”, - o deyib.
Leyla Nəcəfquliyeva onu da əlavə edib ki, məktəbdəki pozuntuları üzə çıxarmağı, yuxarı sinif müəllimlərinin dərs keçməməsi məsələsinə görə valideynlərlə birgə apardığı təbliğat da onun işinə xitam verilməsi məsələsini sürətləndirən amillərdən olub:
“Hətta öz övladımı 5-ci sinifdə oxuyarkən dərs keçirilmədiyinə, keyfiyyətsiz tədrisə, eyni zamanda onun mənim oğlum olduğu üçün sıxışdırılması məsələsinə görə yanvar ayında məcburən məktəbdən uzaqlaşdırmalı oldum. Oğlum bulinqə məruz qalırdı. Hər gün gəlirdi ki, müəllim maraqlanmır, lövhənin önündə dayandırır, eyni dərsin üstündə 5 dəfə qalırıq və s. Mən bunu da ictimailəşdirdim”.