Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam rayonunun Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub.
Pravda.az xəbər verir ki, dövlətimizin başçısına kənddə görülən işlər barədə məlumat verildi.
İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da quruculuq işləri geniş vüsət alıb. Quruculuq işlərinin davam etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir. Kəndin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Qeyd edildi ki, Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2544 nəfərin (632 ailə) məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşdırılacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 292 fərdi ev inşa edilir.