Sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən proses bu dəfə də onlayn formatda təşkil olunub.
Təqsirləndirilən Hüseyn Abdullayev səhhətində olan problemlə bağlı veb-kamerada görüntülənməkdən imtina edib. Buna görə də məhkəmə görüntü olmadan, amma səslə, vəkili ilə birlikdə iştirakı ilə prosesin davam etdirilməsini qərara alıb.
Vəkillər vəsatət qaldıraraq təqsirləndirilənin səhhətində olan ciddi problemlə bağlı tanınmış həkim, professor Adil Qeybullayevin Penitensiar Xidmətin müalicə müəssisəsində onu müayinə etməsinə icazənin verilməsini istəyiblər. Dövlət ittihamçısı isə öz növbəsində vəsatətə etirazını bildirərək, Hüseyn Abdullayevin proseslərdə iştirakına mane ola biləcək hər hansı səhhət probleminin olmadığını bildirib. O, bununla yanaşı, Penitensiar Xidmətin Tibb İdarəsində kifayət qədər ixtisaslaşmış tibb mütəxəssislərinin də olduğunu vurğulayaraq, professor Adil Qeybullayevin müayinəsinə ehtiyacın olmadığını deyib. Məhkəmə heyəti yerində müşavirə edərək təqsirləndirilənin vəkillərinin vəsatətini qəbul edib. Daha sonra dövlət ittihamçısı Hüseyn Abdullayevə ittiham aktını elan edib.