Müsavat Partiyasının fəalını qətlə yetirməkdə şübhəli bilinən Elsevər İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən baxış iclasında prokuror ittiham aktını elan edib.
Məlum olub ki, Elsevər İslamov restoranda yeyib-içdikdən sonra direktor müavini kimi çalışdığı məktəbin qarşısında saxladığı avtomobilini götürməyə gəlib. Bu zaman Elsevər İslamov məktəbə daxil olub və mühafizəçi vəzifəsində çalışan Natiq Mehdinin yatdığını görüb. Mobil telefonla onun şəkillərini çəkib. Onu oyadaraq yatmasına irad bildirib. Ancaq Natiq Mehdi burada hər hansı qəbahətin olmadığını bildirib. Bundan sonra Elsevər İslamov Natiq Mehdini xüsusi amansızlıqla öldürüb, onun paltarlarını çıxararaq bədənini hissələrə bölüb, cinsiyyət orqanını kəsərək zibil yeşiyinə atıb. Hissələrə böldüyü bədən üzvlərini sellofan torbalara doldurararq Xəzər rayonuna aparıb və orada basdırıb.
Hakimin "Cinayət hadisəsində özünüzü təqsirli bilirsinizmi" sualına, təqsirləndirilən şəxs "qismən təqsirli bilirəm", - deyə cavab verib.
Hakim, Elsevər İslamova cinayəti sübuta yetirildiyi təqdirdə onu 11 ildən 20 ilə və yaxud ömürlük həbs cəzası gözlədiyini deyib.
Məhkəmə prosesi oktyabrın 3-dək təxirə salınıb.