Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə prosesin davamı keçirilib.
Ötən 3 prosesə heç bir səbəb göstərmədən qatılmayan Tahir Qədəşov sonuncu prosesə gəlib. Şahid qismində dindirilməsi 3 saata yaxın davam edib.
Hakim qarşısına Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev çıxarılıb.
Məhkəmənin hazırkı mərhələsinə qədər dindirilən şahidlər, müttəhim Nofəl Hacıyevin ifadəsində qeyd etdiyi xüsusatlar Tahir Qədəşovun prosesdə şahid qismində dindirilməsi zərurətini ortaya çıxarıb. Musavat.com-un xəbərinə görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Tahir Qədəşov şahid qismində dindirilib.
O, sərbəst ifadəsində 14 milyon manatlıq dələduzluğun qeydə alındığı “Təbriz” MTK-da təsisçi olduğunu desə də, baş verənlərdən xəbərsiz olduğunu isbatlamağa çalışıb.
Tahir Qədəşovla müttəhim Nofəl Hacıyev qohum olmaqla yanaşı, cinayət işində 14 milyon manatlıq dələduzluğun qeydə alındığı “Təbriz” MTK-da və “Atlant” Ailəvi İstirahət Mərkəzində şərikdirlər. Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manat dələduzluqda ittiham olunur. Onunla yanaşı, hakim qarşısına Talış Məhəmmədov da çıxarılıb. “Təbriz” MTK-nın icraçı direktoru olan Talış Məhəmmədov vəzifə səlahiyyətlərini aşma və sənədləri saxtalaşdırmada ittiham olunur.
Hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsidir.
Tahir Qədəşov sərbəst ifadəsində deyib ki, “Təbriz” MTK binaların tikintisi ilə 4 kürəkənindən biri olan Nofəl Hacıyev məşğul olub. O, tikinti işlərinə qarışmayıb. MTK-da baş verənlərdən xəbərsiz olub. Hakimin, vəkillərin və həbsdə olan kürəkəni Nofəl Hacıyevin suallarına Tahir Qədəşov adekvat cavablar verməyib, konkretlikdən yayınıb. Məsələn, hakimin “Atlant” Ailəvi İstirahət Mərkəzinə qoyulan vəsaitlərin “Təbriz” MTK-dan əldə olunan gəlirlərdən əldə edilib-edilməməsi sualına Tahir Qədəşov konkret cavab verməkdən yayınıb.
Bu isə “Atlant”ın tikintisinə qoyulan ilkin kapitalın mənbəyi ilə bağlı sualı ortaya çıxarıb. Tahir Qədəşov bu suala da konkret cavab vermək istəməyib, daha çox ümumi sözlər deyib.
Təqsirləndirilən hakimdən icazə alaraq çıxış edib. Nofəl Hacıyev bildirib ki, ailə üzvünün barəsində danışmaq istəməsə də, vəziyyət onu buna məcbur edir. Onun sözlərinə görə, 2000-ci illərdən başlayaraq Bakıda, Sumqayıtda, Xırdalanda 100-ə yaxın hündürmərtəbəli binalar tikib və istifadəyə verilib. Üzərinə düşən öhdəlikləri həmişə vicdanla yerinə yetirib. Buna görə də tikinti materiallarının topdan satışı ilə məşğul olan iş adamları həvəslə onunla işləyiblər.
Nofəl Hacıyev bildirib ki, 2022-ci ilə qədər binaların tikintisindən əldə olunan külli miqdarda vəsaitləri qayınatasına ötürüb, “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikintisinə, genişlənməsinə yatırıblar. 2022-ci ildə tikinti ilə bağlı kəskin maliyyə problemləri yaranıb, tikinti materiallarının topdan satışı ilə məşğul olan iş adamlarına borcları ödəyə bilməyib. Tikilməkdə olan binaların isə tikintisi yarımçıq qalıb. Belə bir vəziyyətdə qayınatası Tahir Qədəşovdan borcların ödənməsi, tikintisi yarımçıq qalan binanın tikilərək təhvil verilməsi üçün pul verməsini istəyib. Tahir Qədəşov pul verəcəyini vəd edib, sonradan isə pulunun olmadığını deyib. Belə olan halda Nofəl Hacıyev “Atlant” Ailəvi İstirahət Mərkəzinin satılmasını təklif edib. Tahir Qədəşov bu təkliflə razılaşıb.
Nofəl Hacıyev məhkəmədə deyib ki, hətta “Atlant” Ailəvi İstirahət Mərkəzini almaq niyyətində olan müştəri də tapıb.
Qiymət razılaşdırılıb, sövdələşmə aparılıb. Lakin Tahir Qədəşov son anda “Atlant” Ailəvi İstirahət Mərkəzini satmaqdan imtina edib. Nofəl Hacıyev deyib ki, çox çətin vəziyyətdə olduğundan, yaranmış borcları ödəyə bilmədiyindən məcburiyyət qarşısında bir mənzili bir neçə nəfərə satmaqla vəziyyətdən çıxmağa çalışıb. Düşünüb ki, binanı tikib təhvil verəndən sonra əldə edəcəyi gəlirlə aldadılmış, bu gün məhkəmədə zərərçəkən statusunda olan şəxslərin pullarını qaytaracaq. Məhkəmədə zərərçəkənlər tələb ediblər ki, üzərinə ibtidai istintaq dövründə həbs qoyulan “Atlant” Ailəvi İstirahət Mərkəzi müsadirə olunaraq satışa çıxarılsın və onlara dəymiş ziyan ödənilsin.