Sabirabad rayonunda 2004-cü il təvəllüdlü Əli şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Xəyala xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əli Sabirabad şəhərinin İ.İsgəndərov küçəsində yerləşən ailəsinə məxsus gündəlik tələbat malları mağazasından müxtəlif vaxtlarda nisyə mal almış şəxslərdən borcların qaytarılmasını tələb edib. O, 16 manat məbləğində nisyə mal almış Xəyala 2022-ci ilin iyul ayının əvvəllərində dəfələrlə zəng edərək borcunu ödəməsini xahiş edib.
Lakin Xəyal hər dəfə borcunu ödəməyi vəd etsə də, ödəməyib. İyulun 3-də isə yenidən telefon əlaqəsi saxlayıb və ondan borcunu ödəməsini xahiş edib. Lakin Əli Xəyalın borcunu ödəmək niyyətində olmadığını görərək onunla görüşmək və borcunu ödəməsini bir daha tələb etmək məqsədilə iyulun 4-də saat 13 radələrində Xəyalın atasına məxsus mebel salonunun qarşısına gedib. Onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Əli Xəyala xəsarət yetirib.
Hadisəni törədən Əlinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Sabirabad şəhərinin İ.İsgəndərov küçəsində yerləşən ailəsinə məxsus gündəlik tələbat malları mağazası var: "Tanışım Xəyal mağazadan 16 manatlıq nisyə mal alıb, borcunu ödəməyib. Mağazadan nisyə mal almış şəxslərə, o cümlədən Xəyala zəng edərək borcunu ödəməsini xahiş etdim. Xəyal borcunu bir həftəyə verəcəyini bildirdi. Lakin bir ay keçməsinə baxmayaraq vermədi. Xəyala sonuncu dəfə 3 iyul 2022-ci ildə zəng edərək borcunu verməsini xahiş etdim. Xəyal mənimlə kobud danışmaqla borcunu verməyəcəyini bildirdi. Mən Xəyalla görüşüb, ondan borcu istəmək məqsədilə iyulun 4-də saat 13 radələrində mağazadan çıxıb onun işlədiyi, atasına məxsus mebel salonuna getdim. Yolda bizimlə eyni küçədə yaşayan Hüseynlə rastlaşdım. Hüseynə Xəyaldan borcumu istəməyə getdiyimi dedim və mənimlə birlikdə getməsini xahiş etdim. Hüseyn mənimlə razılaşdı. Birlikdə Xəyalın atasına məxsus mebel salonunun qarşısına getdik".
Təqsirləndirilən şəxs qeyd edib ki, mebel salonunun qarşısında Xəyalın, qardaşı Röyalın, salonda işləyən Zahidin və digər üç-dörd nəfər fəhlənin avtomaşına mebel yüklədiklərini görüb: "Xəyal məni görən kimi yaxınlaşdı və bir qədər kənara çəkildik, mebel salonunun qarşısında söhbət etməyə başladıq. Xəyala borcu verməli olduğunu bildirdim. Xəyal isə cavabında borcu verməyəcəyini dedi və məni söydü. Xəyal ilə aramızda mübahisə yarandı. Bu zaman Xəyalın qardaşı Röyal, mebel salonunda işləyən Zahid və başqa üç-dörd nəfər fəhlə də ora gəldi. Bir anda Xəyal, qardaşı Röyal, Zahid və başqa üç-dörd nəfər şəxs mənə hücum edərək sifətimə və bədənimə yumruq, təpiklə zərbələr vurmağa başladılar. Mən kürəyimi divara söykədim, özümü müdafiə etməyə çalışdım. Əllərim və qollarımla üzümü tutdum. Həmin şəxslər mənə təpik və yumruq zərbələri vurmaqla döyməkdə davam edərkən imkan taparaq Xəyalın sağ göz nahiyəsinə bir yumruq zərbəsi vurdum. Bu anda Zahid mənim arxadan belimdən, qolumdan və saçımdan tutaraq geriyə dartmağa başladı, sifətimdən yumruq zərbələri vurdular. Mən qışqırdığım üçün təxminən 10-15 metr kənarda çayxanada olan beş-altı nəfər şəxs də bizə yaxınlaşdı. Çayxananı işlədən Vüqar da yaxınlaşaraq bizi ayırdı. Vüqar məni çağırdı və çayxanaya gedərək əlimi yudum. Xəyalın qardaşı Röyal çayxananın qarşısına gələrək məni çağırdı. Röyal mənimlə daha dalaşmaq məqsədinin olmadığını, söhbət etmək istədiyini bildirdi. Ona görə də, Röyal ilə birlikdə mebel salonuna getdim. Röyal məndən Xəyalla dalaşmağımızın səbəbini soruşdu. Xəyaldan borcumu istədiyimi, Xəyalın isə məni söyərək vurduğunu dedi. Xəyalın telefonda olan səsyazısını da Röyala qulaq asdırdım. Röyal axşam gəlib qardaşının pul borcunu qaytaracağını dedi, sağollaşıb ayrıldıq. Mən Hüseynlə birlikdə piyada evləri istiqamətində gedərkən Xəyalın atası Sübhan məni səsləyərək çağırdı. Mən isə dayanaraq Sübhana yaxınlaşdım. Sübhan qolumdan tutaraq məni mebel salonuna apardı. Salona daxil olduqdan sonra Sübhan mənə "sən bilirsənmi ki, biz kimik?", - dedi, sifətimdən şillə vurdu. Şillənin təsirindən gözlərim qaraldı. Mən isə Sübhana yaşca böyük adam kimi cavab qaytarmadım. Sübhan məni nalayiq sözlərlə söydü, hədələdi. Sonra küçəyə çıxaraq qaçdım. Öz mağazama getməklə baş verənləri nənəmə və atama danışdım. Məni nə üçün döymələrini aydınlaşdırmaq üçün nənəm və dayım Mahir mebel salonuna getdilər. Mən isə sifətimə buz qoydum, sonra isə atamla birlikdə polis şöbəsinə getdik və şikayət etdik. Sonra Sübhanın da məndən şikayət etməsini bildim. Özümü müdafiə etmişəm, başqa çıxış yolum olmayıb".