Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Universitetlər Vikipediya ilə bağlı prosesə cəlb edilməlidir - RƏY

799
Paylaş:
Universitetlər Vikipediya ilə bağlı prosesə cəlb edilməlidir -         RƏY

Vikipediya dünyanın ən böyük açıq onlayn ensiklopediyasıdır. Hazırda Azərbaycanca Vikipediyada 199.120 məqalə mövcuddur. Azərbaycan informasiya resurslarının Vikipediyadakı vəziyyəti son zamanlar geniş müzakirə mövzusuna çevrilib. Ekspertlər bildirirlər ki, Azərbaycanca Vikipediyanın inkişafı istiqamətində Fəaliyyət Planının, bu sahənin inkişafını təmin etmək üçün təkliflər paketinin hazırlanmasına, problemlərin və onların həlli yolları istiqamətində mütəxəssislərin cəlbinə böyük ehtiyac var. 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Naqif Həmzəyevin sözlərinə görə, Vikipediya sahəsində uzun illərdir, problemlər mövcuddur. 

Naqif Həmzəyev: “Yeni ştammın Azərbaycana yayılacağı istisna edilmir” Pravda .az

“Xüsusilə, Vikipediyanın açıq ensiklopediya olması, eyni zamanda erməni əsilli mütəxəssislərin orada daha çox sayda təmsil olunmaları vəziyyəti daha da gərginləşdirir. Eyni zamanda Azərbaycan həqiqətlərini tanıdan məqalələrin silinməsi, təhrif və ya düzəlişlərin edilməsi də məhz həmin qüvvələr tərəfindən həyata keçirilib. Bunları bilsək belə, çox təəssüf ki, boşluğu doldurmaq üçün sistemli işlər görə bilməmişik. İstənilən məqaləni, yazını dəyişmək, silmək, şikayət etmək mümkündür. Biz dəfələrlə Azərbaycanla bağlı yanlış informasiyaların məhz Vikipediyada yayılmasına şahidlik etmişik.  Əsasən kitabxana sistemləri vasitəsilə kitabxanalarda müxtəlif vəzifələr tutan şəxsləri məhz işlərə cəlb etməklə Vikipediyadakı boşluqları doldurmağa çalışmışıq. Təbii ki, bu da o qədər böyük effekt verməyib. Könüllü vikipediyaçılar da boş vaxt tapdıqda xüsusi məqalələrin yerləşdirilməsi, düzəlişlərin edilməsi məsələləri ilə məşğul olublar. Könüllülər də bir müddət sonra başqa işlər tapırlar, karyeralarında yüksəliş olur və avtomatik şəkildə könüllülük fəaliyyətlərini dayandırmalı olurlar, yaxud fəaliyyətləri zəifləyir. Ümumiyyətlə, açıq ensiklopediya məkanlarında sistemli fəaliyyət təşkil etməliyik. Çalışmalıyıq ki, bu sahədə konkret mütəxəssislər yetişdirən və onların fəaliyyətini mütəmadi dəstəkləyən bir iş olsun. Belə olan halda mütəxəssislər bu fəaliyyətə ciddi yanaşacaqlar. Könüllülükdən başlayan bu fəaliyyət sonradan işə çevriləcək. Nəticə etibarilə, Vikipediyada daha güclü ola biləcəyik. İnanıram ki, Vikipediyada məqalələr dərc edən, tərcümə edən, onların müxtəlif dillərdə təbliğ edilməsinə töhvə verə biləcək şəxsləri qoruyub saxlaya biləcək, onların bilik və bacarıqlarını yeni gələn gənclərə ötürəcəyik. Vikipediya mütəxəssisləri ilə yanaşı hər bir Azərbaycan vətəndaşı da fəal olmalıdır ki, məhz Vikipediya və buna bənzər platformalarda aktivlik nümayiş etdirək, bacardığımız qədər Azərbaycan həqiqətlərinin doğru-düzgün təbliğ edilməsinə töhvə verək”, - deputat bildirib. 

N.Həmzəyev təklif edib ki, universitetlər də mütləq prosesə cəlb etməlidir: “Könüllülük fəaliyyəti ilə məşğul olan tələbələrin çoxluğunu nəzərə alsaq, düşünürəm, ali məktəblərdə daha çox vikipediyaçı yetişdirə bilərik. Belə olacağı təqdirdə daha çox könüllülərin cəlb olunmasını,  məqalələrin və informasiyaların Vikipediya vasitəsilə yayılmasını təmin etmək olar. Düşünürəm, əla fürsət yaranıb ki, Vikipediyadakı boşluqları, nəhayət, hər kəs daha yaxşı dərk edir. Proseslərə daha ciddi yanaşaq. Azərbaycanda mövcud Vikipediya üzrə mütəxəssislər də doğru-düzgün fəaliyyət proqramı hazırlayaraq bütün universitet və kolleclərdə könüllü vikipediyaçıların yetişdirilməsinə nail ola bilərlər. QHT-lərin də bu proseslərdə aktiv olmaları vacibdir. Həm Gənclər Fondu, həm də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Elmin İnkişafı Fondu tərəfindən, bir sözlə, mövcud qrant verə, vəsait ayıra biləcək fondlar və təşkilatlar tərəfindən bu cür layihələr dəstəklənməlidir”. 

İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov isə deyib ki, Azərbaycanın internet məkanında mövcudluğunun genişləndirilməsi çox aktual məsələdir: 

Ekspert Şurasının üzvləri

“Təəssüf ki, bizdə bununla birbaşa məşğul olan aidiyyəti orqan yoxdur. Yəni Azərbaycan kontentinin, məzmununun Azərbaycan dilində və ya xarici dillərdə genişləndirilməsindən söhbət gedir. Bu məsələ bir az xaotik xarakter daşıyır. Hər hansı qurum öz sahəsi üzrə nəsə edir, başqa qurum da öz sahəsi üzrə. Bunların koordinasiyası, işin sistemli qurulması, zəruri maliyyə vəsaitlərinin ayrılması məsələsi hələ aktual olaraq qalmaqdadır. Vikipediya sahəsinə nə qədər pul ayrılmasından xəbərsizəm. Hesab edirəm, bu istiqamətdə çox ciddi iş aparılmalıdır. Bilirsiniz ki, Vikipediya yalnız Azərbaycan dilində deyil, başqa dillərdə də var. Vikipediyanın xüsusiyyətlərindən biri budur ki, həmişə məqaləni redaktə edən şəxs və son redaktə aktual olaraq qəbul edilir. Nəinki Azərbaycan haqqında obyektiv məzmunlar Vikipediyada olmalıdır, Azərbaycanın tarixi, siyasəti, iqtisadiyyatı, coğrafiyası, məşhur insanlar haqqında məlumatlar da həmişə yenilənməli, diqqət mərkəzində saxlanılmalıdır. Ad çəkmək istəmirəm, başqa ölkələrdən olan mütəxəssislər girib məlumatı dəyişib, sırf Azərbaycan əleyhinə düzəldə bilirlərsə, həmişə nəzarət olmalıdır. Bunun üçün xüsusi qrup yaradılmalı, müxtəlif dillərdə iş aparılmalıdır. Biz bir çox hallarda Azərbaycan daxilində hər hansı informasiya resurslarını yaradırıq, fikirləşirik ki, “Az” zonasında məlumat varsa, bütün dünya baxacaq. Baxmayacaq, çünki hər kəs “Az” zonasında olan resurslar haqqında o qədər də məlumatlı deyil. Biz artıq beynəlxalq aləmə çıxmalıyıq. Vikipediya isə beynəlxlaq aləmə çıxan effektiv platformalardan biridir. Hesab edirəm, bununla yanaşı digər potensial istiqamətlər araşdırılmalı, Azərbaycanın məzmunu, Azərbaycan haqqında məlumatlar müxtəlif resurslarda verilməlidir. Məsələn, Amerikada müəyyən resurslar var, onlar aktual olaraq istifadəçi tərəfindən xəbərlər yayıb formalaşırlar. Belə tip resurslarda Azərbaycan haqqında xəbərlərin yayılması, onların dəstəklənməsi istiqamətində iş aparılmalıdır. Azərbaycanın tanınmasını, müxtəlif ölkələrin istifadəçilərinin bizim ölkəmiz haqqında obyektiv biliklərə malik olmalarını istəyiriksə, bunun üçün artıq dünya səviyyəsinə qədər genişlənməliyik. Əvvəlki kimi bir-iki jurnalla, məqalə dərc etməklə iş getmir. İş davamlı, interaktiv, 24/7 saat aparılmalıdır. Bilirsiniz ki, Azərbaycanda rəqəmsal siyasətlə məşğul olan qurum  Rəqəmsal İnkişaf və Nəliyyat Nazirliyidir. Nazirliyin də nəzdində bununla xüsusi məşğul olan bölmə yoxdur. Belə bir bölmənin olması son dərəcə aktualdır. Artıq Azərbaycan öz fiziki sərhədlərində deyil, qlobal olaraq dünya səviyyəsinə qədər virtual məkanda olmalıdır. Bunun üçün isə məzmun son dərəcə vacib məsələlərdən biridir”. 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub. 

Aytəkin Qardaşova 

Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış etdi Pravda.az

Paylaş:

Ən son xəbərlər