Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
General-mayor Nizami Məmmədov müttəhimlər kürsüsündə tək deyil. Onunla bərabər Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə mühakimə olunurlar. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Musavat.com xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi, polkovnik Rafail Xələfov iştirak etməyib.
Hakim bildirib ki, Nizami Məmmədovun vəkilləri Rafail Xələfovun məhkəmədə təkrar dindirilməsini, ona əlavə sualları yarandığını deyiblər. Buna görə də məhkəmə onun prosesə təkrar çağırılması barədə vəsatəti təmin edib.
Hakim deyib ki, Rafail Xələfovun vəkili ilə əlaqə saxlayıblar, vəkil də səhhəti ilə bağlı prosesdə iştirak edə bilmir. Hakim bildirib ki, məhkəməyə təqdim olunan həkim arayışında Rafail Xələfovun COVID-19-a yoluxduğu məlum olub. Həmin arayışda göstərilir ki, Rafai Xələfov sentyabrın 17-də koronavirusa görə test verib və testin nəticəsi pozitiv çıxıb.
Hakim deyib ki, Rafail Xələfovun iştirakı növbəti iclasda təmin ediləcək.
Daha sonra təqsirləndirilən Bayram Bayramovun vəkilinin Müdafiə Nazirliyinə sorğu göndərilməsi barədə vəsatəti müzakirə edilib. Həmin vəsatətdə Bayram Bayramovun çalışdığı hərbi hissədə 2020-ci ilin dekabr ayında Hərbi Səfərbərlik və Çağırış Xidməti tərəfindən çağırılan əsgər və zabitlərə ödənişlərlə bağlı sənədlərin məhkəməyə təqdim olunmasını istəyiblər.
Hakimlər vəsatəti təmin ediblər. Qərar icra olunması üçün Müdafiə Nazirliyinin Hüquq İdarəsinə göndəriləcək.
Müttəhim Cəlal Kazımovun vəkili Əli Adıgözəlov 2017-2018-ci illərdə Ali Hərbi Məktəbdə büdcədən ayrılan vəsaitdən kənarlaşma ilə bağlı məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasını istəyib.
Vəkil deyib ki, Cəlal Kazımov Ali Hərbi Məktəbdə işlədiyi dövrdə büdcədən ayrılan vəsaitdən heç bir kənarlaşma olmayıb: "2017-2018-ci illərdə Ali Hərbi Məktəbdə 423 min 109 manat əlavə yazılıb, bunu müəyyən etmək üçün təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması zəruridir. Vəkil ekspertizasının keçirilməsində Cəlal Kazımovun özünün də iştirak etməsini istəyib.
Məhkəmə vəsatəti qismən təmin edib.