Bakıda keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ramil Rəhmanovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası sentyabrın 25-nə təyin edilib.
Qeyd: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhmanovun qətli törətdiyi vaxt anlaqsız olduğu müəyyən edilib və o, 1 saylı Ruhi Əsəb Dispanserinə məcburi müalicəyə göndərilib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Xatırlatma: R.Rəhmanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib. İttihama görə, həyat yoldaşının xəyanət etdiyini düşünən R.Rəhmanov boşanıb. Bir müddətdən sonra o, keçmiş həyat yoldaşı Svetlana Məmmədovanın küçədə başqa avtomobilə əyləşdiyini görüb. Həmin gün R.Rəhmanov S.Məmmədovanı küçədə tutaraq boş sahəyə aparıb və orada onun boğazını kəsərək qətlə yetirib.
Kamal Məmmədov