Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

İlahiyyatçıdan imicini dəyişməsinin müzakirə yaratmasına REAKSİYA: “Karate, sərbəst güləş, həna...”

1 158
Paylaş:
İlahiyyatçıdan imicini dəyişməsinin müzakirə yaratmasına REAKSİYA:     “Karate, sərbəst güləş, həna...”

Tanınmış ilahiyyatçı Təyyar Hüseynli son zamanlar imicində dəyişiklik etməsi, saçını və saqqalını boyaması və idmanla məşğul olması barədə müzakirələrə münasibət bildirib.

T.Hüseynli Pravda.az-a açıqlamasında deyib ki, o, mənəvi sağlamlığa önəm verdiyi kimi fiziki sağlamlığına da önəm veririr. 

“İnsanın həyatda sağlam yaşaması mənim üçün önəmlidir. Bu, peyğəmbərlərdən, imamlardan bizə gələn tövsiyədir. Avqustun 23-də Allahın qüdrəti ilə 44 yaşımı tamamladım, 45-ə keçdim. Kiçik yaşlarımdan idmanla məşğul olmuşam. Hətta həvəskar kimi deyil. 2-ci sinifdən sərbəst güləşlə məşğul idim. Bu, indi də mənim özümü müdafiəmə, fiziki, taktiki sağlamlığıma, idmanla məşğul olmağıma bazadır. Yeniyetməlik, hətta tələbəlik dövrümdə karate ilə məşğul olmuşam. Karateni də, sərbəst güləşi də həddindən artıq çox sevirəm. Hətta qız övladlarına da belə sağlam yaşamağı arzu edirəm. Qoy onlar da özlərini, ətraflarındakı zəif birini müdafiə edə bilsinlər. Bu, dinimizin də göstərişidir. Məhəmməd Peyğəmbərimizdən də hədislər var, övladlarımıza at sürməyi, ox atmağı, güləşi, üzməyi öyrətməyi tövsiyə edib. Bir sözlə, döyüş, özünümüdafiə, fiziki sağlamlıq barədə kifayət qədər tövsiyələri var. Saç-saqqalıma gəlincə, peyğəmbər dövründən bu günə qədər, hətta Məşədi İbadda da bu söz var ki, saqqalına həna qoymusan. Saqqala həna qoymaq, səliqə, düzən vermək - müsəlmanın görüntüsünün, vizual imicinin xoş olması, səliqəsi, etika və estetikası dinimizin məsləhətidir. İnanın ki, efirlərə dəvət aldığım ilk dövrlərdə, tanınmağa başlayanda geyim tərzim, saç düzümüm, vizual görüntüm, estetikam və etikam bir yenilik gətirdi. Axı bizdə din xadimi deyəndə “molla” ağıllarına gəlir. Mənim görünüşüm insanların da təsəvvüründə fərqli, pozitiv notlar yaratdı. Efirlərə gedib sosial mühitlə qaynayıb-qarışdım. İlahiyyatçı kimi bir sadəlik, ümumiləşmə nümayiş etdirdim. Allah Rəsulu da insanlarla oturub-durar, qaynayıb-qarışardı. İnsanlar hansı mövzudan danışardısa, o da həmin mövzudan danışardı. Bu sadəlikdir. İnsanın özünü daha iddialı, gənc, aktiv hiss etməkdən ötrü bu işləri görməsi savabdır. Bütün həvəsdən düşmüş, səfil həyat tərzi keçirən, küçədə yaşayan insanların göz-qaşına, dişinə, saçına, saqqalına baxın. İblis görün onları nə hallara salıb. Bu, məhz Şeytanın arzusudur. Çirkin, səliqəsiz işlərdən, dolaşıqlıqdan Allaha köklənmək, güvənmək lazımdır. Saç-saqqal ağ, qara, sarı - hansı rəngdə olursa, olsun, səliqəli olsun. İnsanlara xoş, müsbət təəssürat bağışlasın. Təkəbbürlülük deyil, təvazökarlıqdan da uzaq olmasın, ətrafımda çoxsaylı həmkarlar da etiraf edirlər ki, mən axund işləyən dövlərdə də çox səliqəli geyinirdim. Deyirdilər ki, həci, sən zövqlü geyinirsən. İnsanlara bunu təbliğ etmək lazımdır. İslam dini haqqında matəm, yas, pessimist, qara-qura təsiri, fobiya, panika, gərginlik yaratmaq lazım deyil ki, insanlar səni görən kimi elə ancaq ölmək, göz yaşı, Cəhənnəm yadlarına düşsün. İnsanlarda ümidi qaldırmaq lazımdır. Saçım, saqqalımla maraqlananlara və hər kəsə idmanla məşğul olmağı məsləhət görürəm. Hamısına ürəkdən xeyir-dua edirəm ki, idmana başlayın. Sağlamlıq və təmiz yol hərtərəfli təmizlikdən qaynaqlanan məsələdir. Təmizlik, pak insan dedikdə gərək ruh da, cisim də düzgün istiqamət götürüb yaşasın. Artıq çəki, çox yeməkdən və ya əsəbdən uzaq olmaq lazımdır. Allah gözəldir, gözəl olanı da sevir. Həyat tərzimi maraqla izələyənlərə təşəkkür edirəm. Pozitiv həyata hər zaman can atmaq lazımdır”. 

T.Hüseynli bildirib ki, idmanı ailəsində də təbliğ edir: “İki oğlum var. Biri hazırda Kəlbəcərdə hərbi xidmətdədir. 18 yaşı tamam oldu, kollecdə qrafik-dizayner oxuyurdu, təhsilini yarıda dondurub, əsgərliyə getdi. İdmanla məşğul olması onun ön cəbhədə xidmət çəkməsinə böyük dəstəkdir. Allahın izni ilə sağ-salamat dönər. İkinci oğlum Əyyar isə sentyabrın 22-də Sumqayıtda keçirilən yarışda sərbəst güləş üzrə birinci yerə çıxdı. Artıq 9-cu sinifdə oxuyur. Bu, birinci uğuru deyil. 2-ci sinifdən idmanla məşğuldur. Nehrəm Güləş Məktəbində uşaqların idmanda uğur qazanmalarında çox zəhməti olan Heydər müəllimin tələbəsidir. Hətta Güləş Federasiyasının yeniyetmələr üzrə milli yığmasına dəvət alıb. Bu il respublika birinciliyinə lisenziya qazanmışdı. Bölgə üzrə çətin bir mərhələ keçdi. Bacımın oğlanlarını da peşəkar idmana yönəltmişəm. Yəni hacı Təyyar idmanı ailəsində də dərindən təbliğ edir...” 

Aytəkin Qardaşova 

Paylaş:

Ən son xəbərlər