6 ildən artıqdır həbsdə olan tanınmış bəstəkar və şair Tural Bayraməliyev bəzi müğənnilərə mahnılarını oxumağa qadağa qoyub. Bu barədə “Unikal”a məlumat verən bəstəkar təxminən 30-a yaxın mahnısını ölkənin tanınmış müğənniləri tərəfindən ifa edildiyini söyləyib:
“Heç bir zaman mahnılarımı satmamışam. Müğənnilərin kimliyini də özüm seçmişəm. Mənim mahnılarım ilə məşhurlaşan kifayət qədər müğənni var. Onların arasında bir neçə xalq və əməkdar artist də var. Daim dövlətçiliyə sadiqliyimlə tanınmışam, hətta dövlətimizə, ulu öndər və Ali Baş Komandanımız İlham Əliyevə də mahnılar bəstələmişəm. Hansı ki, bu gün rəsmi tədbirlərdə Aygün Kazımova, Gülyaz- Gülyanaq bacıları, Nisə Qasımova, Abbas Bağırov, Mətanət İsgəndərli, Almaz Ələsgərli sevə-sevə oxuyurlar. Bu qərara gəlməyimin səbəbi o oldu ki, dəfələrlə televiziya kanallarında öz mahnılarımı eşitsəm də, adımın çəkildiyini görmədim. Yuxarıda qeyd etdiyim kimi heç zaman mahnılarımı satmamışam, mahnının həm sözləri, həm də bəstəsi özümə məxsus olub. Bu müraciətimdən sonra hansısa tədbirdə və ya el şənliklərində aşağıda adları sadalanan mahnılarımın ifa olunduğunu eşidərəmsə, o şəxslə hüquqi müstəvidə danışmalı olacam”.