Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirməsi barədə məlumat vermişdik.
Yada salaq ki, DİN İnstagram sosial şəbəkəsində müxtəlif anonim adlarla açılmış səhifələrin vətəndaşları internetdə qumar oyunlarına cəlb etdiklərini müəyyən edib. Müəyyən edilib ki, dəstəyə başçılıq edən 1999-cu il təvəllüdlü Elmidar İsmayılzadə 1974-cü il təvəllüdlü Eldəniz İsmayılov daxil olmaqla, 30 nəfərə yaxın şəxsi öz cinayət əməllərinə cəlb edərək onlayn qumar oyunları təşkil ediblər.
Cinayətkar şəbəkənin üzvləri gizliliyi təmin etmək məqsədilə Rusiya, Ukrayna, Türkiyə və sair ölkələrə məxsus mobil nömrələrdən istifadə etməklə sosial şəbəkələrdə çoxsaylı səhifələr açmış və müxtəlif şirnikləşdirici vədlərlə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. “Fast Loto”, “CHCPlay” kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində çoxşaxəli virtual idarəetmə sistemi quraraq mobil qruplar şəklində kirayə götürdükləri və mütəmadi olaraq dəyişdikləri mənzillərdə Elmidar İsmayılzadə və Eldəniz İsmayılovun göstərişləri əsasında fəaliyyət göstəriblər. Qumar oyunlarında şərti olaraq “qurban” adlandırılan şəxslər pul vəsaitlərini dəstə üzvlərinin onlara göndərdikləri bank kartlarına köçürüblər.
Əməliyyat zamanı aşkar olunan 1.157 bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayət fəaliyyətində istifadə edilib. Öz kartlarını dəstə üzvlərinə təqdim edən şəxslər isə onların əsl niyyətlərindən xəbərsiz olublar.
Axtarışlar zamanı saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 110 ədəd mobil telefon nömrəsi, 2 milyon manat məbləğində nağd pul vəsaiti və sair maddi sübut kimi götürülüb. Aparılmış araşdırmalarla şəbəkənin üçüncü şəxslərin adlarına istifadə etdiyi bank hesablarına 20 milyon manatdan artıq vəsaitin mədaxil olduğu müəyyənləşdirilib.
Şəbəkənin cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqal dövriyyəyə daxil etmək üçün pul vəsaitlərini kriptovalyutaya çevirərək xarici ölkələrə göndərməsini təşkil edən 1988-ci il təvəllüdlü Rövşən Məmmədov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla dəstənin 3 milyon 375 min manat məbləğində pul vəsaitini kriptovalyuta şəklində xarici ölkələrə göndərdiyi məlum olub. İstintaq zamanı şəbəkə üzvlərinin qanunsuz yolla əldə etdikləri vəsaitlərlə aldıqları ümumi dəyəri 10 milyon manat olan 25 mənzil, torpaq sahələri, bağ evləri, ticarət obyektləri, “Mercedes Galenvagen”, “Lexus”, “Range Rover” markalı lüks avtomobillər müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.
Bəllidir ki, Azərbaycanda internet üzərindən qumarı varlılar oynayır, əsasən də imkanlıların övladları. İddia var ki, bir neçə imkanlı şəxsin övladları son aylar bu qumarda külli miqdarda pul uduzublar. Bununla bağlı DİN-ə də müraciətlər olub, bu şəbəkənin Azərbaycan seqmentində bağlanması istənilib. DİN bu şəbəkənin izinə çoxdan düşübmüş, bu müraciətlər isə dəstənin ələ keçməsini daha da sürətləndirib.
Bəs kazinoda, qumar oyunlarında qazanmaq mümkündürmü? Və ən əsas sual - bu asılılıqdan necə qurtulmaq olar?
Mobil telefonların kütləviləşməsinə qədər qumar həvəskarları bir ətək pul xərcləyib Las-Vegasa üz tuturdularsa, artıq vəziyyət dəyişib. Hər kəsin telefonunda kazino proqramları var. Bircə kliklə proqramı endirib oyunçuya çevrilmək mümkündür.