“Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin güclü siyasi iradəsinin nəticəsində ölkələrimiz arasında daha da möhkəmlənmiş qardaşlıq münasibətləri, regionlarımızın inkişafına ciddi töhfə vermiş intensiv əlaqələr media sahəsi də daxil olmaqla, bütün sahələrə öz dinamik təsirlərini göstərməkdədir. Hər iki ölkə liderlərinin qarşılıqlı səfərləri türk dövlətləri arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisədir. Bu səfərlər, habelə səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan və özbək xalqları arasında dostluğun, qardaşlığın əyani təzahürüdür”.
Bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan Media Forumunun rəsmi açılışında çıxışında deyib.
Əhməd İsmayılov bildirib k, bu baxımdan Azərbaycan Prezidentinin bu ilin avqustunda Özbəkistana rəsmi dövlət səfəri müstəsna əhəmiyyətə malik olmaqla, münasibətlərin yeni tarixi mərhələsinin əsasını qoyub: “Belə ki, səfər çərçivəsində 23 avqustda “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb, iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq olub. Müttəfiqlik münasibətləri öz növbəsində media sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına və fundamental layihələrin icrasına ciddi təkan verməkdədir.
Bizim ortaq dəyərlərimiz və bir-birini tamamlayan məqsədlərimiz əlaqələrimizi gücləndirməklə yanaşı, cəmiyyətlərimizi informasiya ilə təmin etmək kimi vacib funksiyanı yerinə yetirən medianın fəaliyyətində də canlanma yaradıb, ölkələrimizin jurnalist ictimaiyyətlərinin daha sıx və peşəkar münasibətlərinin qurulmasına dinamik ruh verib.
Ölkələrimiz arasında strateji münasibətlərin artan tempindən ruhlanan media orqanları öz işlərini bu əlaqələrin ruhuna uyğun quraraq xalqlarımızın mənəvi dəyərlərini təbliğ etmək, dövlət maraqlarımızı, o cümlədən daxili informasiya mühitini dezinformasiyalardan qorumaq üçün media etikası və prinsiplərinə söykənən peşəkar fəaliyyət göstərməkdədir.