Külli miqdarda dələduzluqda təqsirləndirilən yükdaşıma xidmətləri ilə məşğul olan "R Group Azerbaijan" şirkətinin rəhbəri Rəmiş Cəfərov və atası Zəkrəm Cəfərova hökm oxunub.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, Rəmiş Cəfərov 6 il azadlıqdan məhrum edilib. Atası Z.Cəfərova 2 il sınaq müddəti seçilməklə 5 il cəza verilib, onun həbsi şərti hesab edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı məhkəmədən Rəmiş Cəfərovun 8 il, atası Zəkrəm Cəfərovun isə 6 il azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, 2022-ci il fevralın 17-i səhər saatlarında "R Group Azerbaijan" şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlayıblar. Nəticədə saatlarla süni tıxac yaranıb. Hadisə ilə bağlı Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıblar.