“Qlobal çağırışlar və dünyada baş verən dəyişikliklər fonunda ictimai rəyin formalaşmasında və xalqlar arasında münasibətlərin qurulmasında medianın rolunun nədən ibarət olduğu hamımıza bəllidir. Bu forum təcrübə və fikir mübadiləsi üçün unikal imkan yaradır. Əminəm ki, bu tədbir ölkələrimiz arasında kommunikasiya və media siyasəti sahəsində əlaqələrin daha da inkişaf etməsi və möhkəmlənməsində katalizator rolunu oynayacaq”.
Bunu Azərbaycan Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan Media Forumunun rəsmi açılışında çıxışında deyib.
Kamran Həsənov bildirib ki, Azərbaycan və Özbəkistanı ortaq tarix, dil, kök, adət-ənənə və mədəniyyət birləşdirir: “Müstəqillik illərində ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edib. Bu gün Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyevin və Şövkət Mirziyoyevin mahir siyasəti, şəxsi dostluqları və sıx əlaqələri sayəsində bu əməkdaşlıq daha da genişlənib. İki ölkə arasında münasibətlər artıq yeni səviyyəyə çatıb - bu gün Azərbaycan və Özbəkistan rəsmi müttəfiqdir. Bildiyiniz kimi, bu ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana səfəri zamanı “Müttəfiqlik münasibətləri haqqında” Müqavilə imzalanıb. Xüsusilə vurğulamaq istəyirəm ki, bu gün Azərbaycanın cəmi 4 dövlətlə müttəfiqlik əlaqələri var və bu ölkələrdən biri məhz Özbəkistandır. Hesab edirəm ki, bu fakt ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir”.
Sektor müdiri qeyd edib ki, müasir dünyada müttəfiqlik əlaqələri təkcə siyasət, iqtisadiyyat, hərbi deyil, həm də informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsi deməkdir: “Bu gün media və kommunikasiya sahəsində əməkdaşlıq milli təhlükəsizlik məsələsində əsas və mühüm komponentdir. Bu gün biz qlobal informasiya inqilabı ilə əlaqədar beynəlxalq münasibətlərdə böyük dəyişikliklərin şahidi oluruq. Bu isə təkcə milli deyil, həm də beynəlxalq səviyyədə informasiya təhlükəsizliyi məsələsini gündəmə gətirir.
Buna görə də təcrübə və uğurlu modellərin mübadiləsi yeni bacarıq və yanaşmaların öyrənilməsi üçün çox vacibdir. Bu cür biliklər daha məsuliyyətli və məlumatlı jurnalist cəmiyyətinin formalaşmasının əsasını təşkil edir və hazırkı aktiv dezinformasiya dövründə son dərəcə vacibdir”.
Kamran Həsənov vurğulayıb ki, informasiyanın əsas resurs hesab edildiyi müasir dünyada onunla manipulyasiya ictimai asayişin, sabitliyin pozulmasına, dövlət qurumlarına inamın sarsılmasına gətirib çıxara bilər. Sektor müdiri əlavə edib ki, sosial şəbəkələr reallıq haqqında yanlış təsəvvür yaradan, vətəndaş cəmiyyətinin əsaslarını sarsıdan yalan məlumatların yayılması üçün platformaya çevrilir.