“Universitet müəllimlərinin tələbə qızların açıq-saçıq, sərbəst geyinmələrindən şikayət etmələri təbiidir. Son dövrlər belə halların kütləviləşməsi haqlı olaraq narahatlıq doğurur. Çünki Azərbaycan xalqının öz milli mentaliteti var. Milli-mənəvi dəyərlərimizi qorumalı, əxlaqımızı daim yüksək tutmalıyıq. Lakin şəxsi həyat, insanların geyiminə münasibət qanunla, qadağa ilə tənzimlənə bilməz və bu, ciddi problemlər yarada bilər. Müəyyən maarifləndirmə tədbirlərinin aparılması çox vacibdir. Bu istiqamətdə işlər gedir, amma təəssüf ki, bir çox gənclərimiz Avropasayağı, açıq-saçıq geyinməyi özlərinə rəva bilirlər və bunu müasirlik kimi qiymətləndirirlər. Əslində isə müasirlik deyil, öz milli-mənəvi dəyərlərinə dönüklükdür”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.
“Cənab Prezident İlham Əliyev bu məsələlərə daim böyük önəm verir. Ölkə rəhbərimiz Qarabağ Universitetində tələbələrlə görüşündə, eləcə də Milli Məclisdəki çıxışında milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasına, yaşadılmasına bir daha münasibət bildirdi. Qeyd etdi ki, ilk növbədə milli ruhda tərbiyə almalıyıq. Gənclər öz mədəniyyətlərinə, adət-ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalı, heç kimin təsiri altına düşməməli, müxtəlif vədlərə aldanmamalıdırlar. Bu bir proqram əhəmiyyətli çıxışdır. Çünki dilinə, tarixinə, dininə, adət-ənənəsinə hörmətsizlik xalqın faciəsi, onun kökünün itirilməsidir. Əlbəttə ki, Azərbaycan qadını, qızı həmişə öz mənəvi keyfiyyətləri, geyim-keçimi, hərəkətləri ilə həmişə seçilib, bu gün də seçilir. Belə olan halda gənc qızların açıq-saçıq sərbəst geyinmələri təəssüf doğurur. Bunun tez-tez şahidi oluruq. Nəinki tələbə qızlar, bir də görürsən ki, orta yaşlı xanım küçədə açıq-saçıq geyinib, özünü nümayiş etdirir. Bu yolverilməzdir, bilavasitə insanlara hörmətsizlik, milli-mənəvi dəyərlərə laqeydlikdir. Universitetlərdə bu istiqamətlərdə çox ciddi işlər görülməlidir. Belə hallar varsa, universitet rektorları, müvafiq orqanlar müəyyən qaydalar tətbiq etməlidirlər. Həmin tələbələr söhbətlərə cəlb olunmalıdır. Haqlarında ölçü götürülməli, səhvləri izah edilməlidir. Əxlaqımızı, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qorumadan yaşatmadan bir xalq kimi şöhrətlənə, ucala bilmərik. Bu gün Azərbaycan inkişaf edən, dünyada tanınan, beynəlxalq aləmdə öz yeri və nüfuzu olan dövlətə çevrilib. Biz adət-ənənələrimizdə, milli-mənəvi dəyərlərimizdə də ucada olmalıyıq. Dünyaya bir xalq kimi özümüzü təqdim etmişiksə, bu, bütün keyfiyyələrimizdə özünü göstərməlidir. Ölkəmizin bu günü, yürüdülən siyasət bunu tələb edir”, - deputat bildirib.
Qeyd: Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının assistenti Nazxanım Qasımovanın “İnstaqram”da universitet tələbələrinin geyimini paylaşaraq “Bu geyimdə dərsə gələn tələbə dərsimə buraxılmır. Dekolteləri, yarım qarış “yubkalarınızı” gecə klublarında geyinin. Həkimlik öncə dientologiyadan başlayır” yazması müzakirə yaradıb. Bir çoxları parlamentdə universitet tələbələrinin açıq-saçıq geyimini məhdudlaşdıracaq qanun qəbul olunmasını təklif ediblər.
Aytəkin Qardaşova