24 sentyabr 2024-cü il tarixində BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüb.
XİN-dən verilən məlumata görə, tərəflər Azərbaycanla AEBA arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, hazırkı birgə layihələr və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Azərbaycanın nüvə təhlükəsizliyinin qorunmasına və daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyini və bu xüsusda beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində səyləri dəstəklədiyini bildirib.
AEBA-nın nüvə təhlükəsizliyi qaydaları və standartlarının işlənib hazırlanmasında əsas rol oynadığı qeyd edilib, habelə nüvə təhlükəsizliyi və nüvə enerjisinin dinc məqsədlər naminə istifadəsində AEBA-nın vacib roluna vurğu edilib.