2023-cü ilin iyulunda Quba şəhərinin Fətəlixan küçəsində mübahisə zamanı iki qardaşın bıçaqlanması və onlardan birinin xəstəxanaya aparılarkən yolda dünyasını dəyişməsi barədə rayonun hüquq-mühafizə orqanlarına məlumat daxil olur.
Oxu.Az xəbər verir ki, hadisə zamanı qətlə yetirilən Quba rayon sakini 35 yaşlı Firuz Səlimovun (ad soyad şərtidir) ətrafında əməliyyat istintaq tədbirləri aparılarkən məlum olub ki, Firuz və qardaşı Nadir Səlimov (ad soyad şərtidir) əvvəllər tanıdığı və Rusiyada yaşayan Quba sakini Ruslan Göyüşov (ad soyad şərtidir) tərəfindən bıçaqlanıb. Firuz aldığı 8 bıçaq zərbəsindən kəskin qanitirmə nəticəsində xəstəxanaya aparılarkən dünyasını dəyişsə də, həkimlər qardaşı Nadirin həyatını xilas edə biliblər.
Uğursuz sonluqla nəticələnən yalançı evlilik
17 yaşından Rusiyaya qazanc dalınca gedən Ruslan son vaxtlar Bakıda yaşayan bacısı Asya (ad şərtidir) haqqında bəzi xoşagəlməz söhbətlər eşitdikdə, sanki özünə yer tapa bilmirdi. Xəyalından keçən və gözünün qarşısında canlanan şübhələri onu bir anlığa Bakıya - yaxınlarının yanına aparırdı. Hələ iki il əvvəl o, Moskvadan Bakıya ailə üzvlərinə baş çəkməyə gələrkən atası onunla təklikdə söhbət edib, ona Qubada Firuz adlı şəxsin bacısı Asyanı kollecdə oxuyan zaman ləkələməsini, onunla cinsi əlaqədə olmasını və onun bakirəliyini pozmasını, bundan sonra bilinməməsi üçün Asyanın uzaq qohumları olan Kamalla (ad şərtidir) evlənməsini, uşağın da Kamaldan deyil Firuzdan olmasını deyib. O, bunu bildikdən sonra atasına, bacısının boşanmasına səbəb olan Firuzu nə vaxtsa görüşəcəyi təqdirdə öldürəcəyini deyib. Atası isə bir şey etməməsini, məsələnin yoluna qoyulacağını bildirib və onu bir müddətlik sakitləşdirib. O, atasının vədlərinə inanıb, uşağın atasız qalmasını istəmədiyi üçün Firuzu vurmaq fikrindən daşınıb.
Qardaşı Rusiyadan Bakıya gətirən müəmmalı məqamlar
Bundan sonra, o, Moskvaya qayıdıb. Bir müddət sonra Ruslan bacısının Kamaldan boşanmasını və sevgilisi Firuzla Qubada kirayədə yaşadığını eşidir. Anası oğluna onların ər-arvad kimi yaşadıqlarını və aralarında hər hansı bir problemin olmadığını bildirib. Buna baxmayaraq, Ruslan baş verənlərə görə Firuzu günahlandıraraq nə vaxtsa ondan qisas alacağını düşünür.
O, 2023-cü ildə yenidən Bakıya gəlib, Asyanın Firuzla münasibətinin hansı formada olmasını öyrənmək üçün anasının "WhatsApp" sosial şəbəkəsindəki hesabına daxil olaraq yazışmaları oxuyub. Firuzun bacısı ilə münasibətinin bildiyi kimi yox, ailə üzvlərinin ona yalan danışdığını, Firuzun Asya ilə eyni evdə yaşamamasını, kirayə ev tutaraq arabir gəlib-getməsini, Asyaya spirtli içki içirtməsini, bacısı ilə arvad kimi yox, küçə qadını kimi yanaşmasını öyrənib.
Bu yazışmaları oxuduqdan sonra o, Qubaya gedir məsələni aydınlaşdırmaq üçün Firuzla görüşməyi qərara alır. Bakıdan Qubaya taksi ilə gedərkən Saray qəsəbəsi ərazisindəki marketlərdən birindən mətbəx bıçağı alaraq yoluna davam edir. Qubada Firuza zəng edərək onunla görüşmək istədiyini deyir. Firuz onunla görüşərkən onun üzərində də bıçağın olduğunu bilir. Bunu, Firuzun mübahisə zamanı əlini tez-tez üzərindəki bıçağa aparmasından hiss edir. Mübahisə zamanı Ruslan ona ilk əvvəl boğazından vurmaqla 8 bıçaq zərbəsi endirir. Firuzun harayına gələn qardaşının da onun üzərinə hücum çəkməsini görərək ona da bıçaqla qolundan xəsarət yetirir.
"Mən onu vurmasaydım, o məni öldürəcəkdi"