Nizami Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Nurlan Əsədzadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və Nurlan Əsədzadə məhkəmə iclas zalından həbs edilib.
İttihama görə, Nurlan Əsədzadə paytaxtda fəaliyyət göstərən MMC-lərin birində 22 iyul 2019-cu il tarixdən 10 dekabr 2020-ei il tarixədək satış təmsilçisi vəzifəsində çalışıb. Şirkətin fəaliyyəti xarici ölkələrdən gətirdiyi ərzaq və qeyri-ərzaq məhsullarının (saqqız, kofe, şampun, sabun, şokolad, yuyucu vasitələr və s.) ölkə ərazisində satışını həyata keçirməkdir.
Belə ki, təqsirləndirilən şəxs çalışdığı dövr ərzində şirkətin anbarından post terminal vasitəsilə verdiyi sifariş əsasında öz dislokasiyasına daxil olan satış nöqtələrinə satmaq üçün məsullar götürüb. Sonra o, satdığı məhsullardan 9 012 manat məbləğində pul vəsaitini mənimsəyib.
Hadisədən sonra Nurlan Əsədzadə saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə) və 179.2.4 maddələri ilə ittiham irəli sürülüb.
Kamal Məmmədov