Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi ən böyük əməliyyatlardan biri ilə həbs edilən dəstə üzvlərinin məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Bu iş üzrə altı nəfər müttəhim kürsüsündə əyləşib. Söhbət Bahadır və İkram Quliyev qardaşlarından, onların əmisi oğlu Fərhad Quliyev və onların işlərini görmüş Vəli Əliyev, Cavid Əzizov və Anar Əhmədovdan gedir. Onların hamısı həbsdə mühakimə edilir.
Təqsirləndirilən şəxslər Yasamal rayonunda fəaliyyət göstərən şirkətlərində qanunsuz yolla pul köçürməklə məşğul olublar. İstintaq materiallarındakı ifadələrdən də görünür ki, müştərilər oranı "Bahadırın bankı" kimi tanıyırlar. İşlərin ən başında dayanan da elə Bahadır Quliyevdir. O, uzun illər Rusiyada yaşayıb, bütün işləri oradan idarə edib. Azərbaycandakı işlərə isə İkram nəzarət edib.
Qardaşlar xarici ölkədən Azərbaycana, Azərbaycandan isə xaricə qanunsuz pul vəsaitləri köçürüblər. İstintaq müəyyən edib ki, şirkət xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürüb. Bu vəsaitin 2 milyon 500 min manatı isə xidmət haqqı kimi onların özünə qalıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk baxış iclasında ittiham aktı elan edilib. Təqsirləndirilən şəxslərdən Fərhad Quliyev özünü qismən təqsirli bilsə də, digərləri təqsirsiz olduqlarını deyiblər. Onların həbs qətimkan tədbirlərinin dəyişdirilməsi ilə bağlı vəsatətləri isə rədd edilib.
Məlumat üçün bildirək ki, polis əməkdaşlarının keçirdiyi əməliyyatla İkram Quliyevin evindən xeyli miqdarda qızıl, brilyant və digər zərgərlik məmulatları aşkar edilmişdi. İttihamda deyilir ki, dəyəri 1 milyon manata yaxın - 853 min 771 manat təşkil edən zinət əşyaları ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib. İkram Quliyevin tapşırığı ilə Dubaydan aldıqları Avstriya, İsveçrə və Belçika istehsalı olan qiymətli əşyalar Azərbaycanın gömrük nəzarətindən kənar yolla keçirilərək ona çatdırılıb. Bu işdə isə vasitəçi Vəli Əliyev olub.