"Hələ də dünyanı narahat edən və özünün gətirdiyi faciələrlə hər birimizdə böyük narahatçılıq doğuran koronovirus pandemiyası təəssüflər olsun ki, Azərbaycanda da ağır nəticələr verməkdədir. Dəfələrlə söylədiyimiz kimi, bir daha təkrar edirəm Azərbaycan dövləti bununla bağlı özündən asılı olan bütün mümkün olan tədbirləri yüksək səviyyədə həyata keçirib və keçirməkdə davam edir".
Bu fikirləri açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.
F.Ağamalı deyib ki, Azərbaycanın koronovirusa qarşı mübarizə təcrübəsi Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi tərəfindən dəfələrlə təqdir olunub və yüksək qiymətləndirilib: "Azərbaycan dövləti təkcə ölkəmizdə deyil, eyni zamanda ehtiyacı olan 29 ölkəyə yardım əlini uzatmaqdadı. Əminəm ki, bundan sonra da bu proses davam edəcək. Lakin təəssüf edirəm ki, siyasi dəllallar yaranmış ağır durumda belə ən müxtəlif şəkildə Azərbaycana qarşı qarayaxmalarını davam etdirirlər. Bunun bir hissəsi xaricdə oturan və anti-Azərbaycan qüvvələrinə xidmət edən satqınlardır. Digərləri isə Bakıda özünü "siyasətçi" qiyafəsində təqdim edərək, görülən işlərə kölgə salmağa və əldə olunan uğurları ictimai rəydə gözdən salmağa çalışırlar. Bu siyasi dəllallar yaranmış stiuasiyadan öz məkrli məqsədləri üçün istifadə etməyə cəhdlər göstərir, timsah davranışları ilə özlərini ifadə edirlər".
İyunun 8-də Yasamal rayonu ərazisində bir qrup sakinlə polis arasında yaşanan insidentə də toxunan deputat həmin hadisəni təxribat adlandırıb: "Təəssüf doğuran digər məsələ iyunun 8-də vətəndaşlardan biri sərt karantin rejiminin tələblərinə əməl etmədiyinə görə polis əməkdaşları tərəfindən evinə qayıtması xahiş edilir və təkidli tələblərə məhəl qoyamayan həmin vətəndaş polisə müqavimət göstərməyə başlayır. Vəziyyəti hündürmərtəbəli binadan müşahidə edən səviyyəsiz və düşüncəsi aşağı olan insanlar polis əməkdaşlarının başlarına zibillər yağdırır, butulkalarla xəsarət yetirirlər. Əslində binanın sakinləri vətəndaşları xəstəlikdən qoruyan, onların gecələr rahat yatmasını təmin edən, küçələrdə sərbəst şəkildə gəzməsinə imkan yaradan, müstəqilliyimiz uğrunda şəhid verən, qan tökən və indiyədək Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında ciddi yeri və rolu olan, koronovirus dövründə böyük fədəkarlıq və əzm göstərən polislərimizə bu cür münasibət göstərməli deyildilər. Əgər sakinlər nədənsə narazı idilərsə, "102" xidmətinə zəng vurub həmin polis nəfərləri haqqında məlumat verə bilərdilər.