Son aylar ölkənin virtual məkanında, xüsusən sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən “farmaniya.com” platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı şikayətlər daxil olub.
Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
Bildirilib ki, keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb:
"Araşdırmalarla məlum olub ki, o, sosial şəbəkələrdə özünü bloger kimi təqdim edərək “farmaniya.com” saytının rəsmi investisiya layihəsi kimi reklamını aparıb və müxtəlif şirnikləndirici vədlərlə istifadəçilərin etibarını qazanıb. H.Quliyev zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini bildirib və həqiqətə uyğun olmayan təkliflərlə dələduzluq piramidası yaradıb. Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə nail olub. H.Quliyev vətəndaşların pullarını ələ keçirmək üçün tanışı 2004-cü il təvəllüdlü Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən istifadə edib. Bu fəaliyyətinin müqabilində həmin şəxs də dələduzluq yolu ilə əldə olunan vəsaitlərdən maddi gəlir qazanıb. Tədbirlərin davamı olaraq B.Əhmədova da Baş İdarə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Aparılmış araşdırmalarla saxlanılan şəxslərin həyata keçirdikləri dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartlarına 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb.