Hüquqşünas: “Bir əlim bu cibdə, o biri əlim başqa cibdə olmayıb”
Aslan İsmayılov: “Necə olur ki, hakimiyyət İlqar Məmmədovu həbs edir, amma Əli Kərimlini tuta bilmir?”
Tanınmış hüquqşünas Aslan İsmayılovun Pravda.az-a müsahibəsi:
- Aslan müəllim, bu həftəsonu da karantin rejimi sərtləşdirildi, insanlar yenə iki gün evdən çıxa bilməyəcəklər. Sərtləşdirmə tədbirləri vəziyyətdən çıxış yoludurmu?
- Hər hansı bir məsələyə münasibət bildirəndə heç vaxt “kütlə buna necə baxacaq?” sualını qarşımda qoymamışam, düz hesab etdiyim fikri səsləndimişəm. Hesab edirəm ki, koronavirus pandemiyası ümumi bəladır. “Kütlə buna necə baxacaq?” sualını bu gün qarşılarına qoyanlar və buna hesablanmış fikir söyləyənlər isə fürsətcillərdir. Hamı kimi mən də bilirəm ki, Səhiyyə Nazirliyi “yox” səviyyəsindədir. Amma Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) faydalı işlər görürlər. Onların çıxışlarını, təkliflərini dinləyirəm, hamısı ağılabatan, əsaslandırılmışdır. Bu sahədə onlara etibar edirəm. Çünki çıxışlarından görürəm ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bu sahənin peşəkarıdır. Gördüyüm odur ki, qərarları təkbaşına qəbul etmirlər. Qərarlar dünyanın aparıcı mütəxəssisləri, təşkilatları ilə məsləhətləşdikdən sonra qəbul edilir. Hakimiyyətin nöqsanı nədədir? Birincisi, təbliğat-təşviqat, maarifləndirmə işini qura bilməyiblər, bu iş sıfır vəziyyətindədir. Təsəvvür edin, bu təbliğatı əhalinin haqlı olaraq etibar etmədiyi adamlar aparırlar. Məsələn, Mirşahin Ağayev... Xalqın ona münasibəti bəllidir. Faydalı fikirləri tanınmayan hansısa savadlı gənc səsləndirərsə, daha effektiv olar. Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov da təbliğat aparır. O İbrahim Məmmədov ki “Almaniya dağılır” ifadəsi ilə məşhurdur. Xalq bilir ki, bu şəxslərin aldığı nəfəs də yalandır. Ona görə də xalq onların doğru dediyini də qəbul etmir. İkincisi, bilirsiniz ki, karantin tədbirləri sərtləşdirildikdən sonra müsbət nəticə verdi, yoluxanların sayında artım müşahidə olunmadı. Hökumət müsbət nəticəni görən kimi gələcəyi fikirləşmədən yumşalma tədbirlərinə başladı. Gürcüstanda necə oldu? İlk gündən qəti qərarlar qəbul edildi və kütlənin etirazına baxmayaraq dərhal icra edildi. Çin kimi ölkəyə baxın, sərt tədbirlər həyata keçirdilər, ordunu hərəkətə gətirdilər, dedilər, kim küçəyə çıxacaqsa, güllələnəcək. İtaliyalılar isə azərbaycanlılar kimi, deyib-gülən, yeyib-içəndirlər, gördünüz nəticəsi necə oldu? Almaniyada situasiya başqa idi. Onlar xalq olaraq qayda-qanuna riayət edəndirlər, lazım deyil ki, polis küçə-küçə düşsün, vətəndaşları evdən çıxmamağa çağırsın. Azərbaycanda sərt tədbirləri ilk gündən görmədilər. Bunun da səbəbi kütlə, radikal müxalifətin tələbi ilə ayaqlaşmaq istəyi idi. Bu, düzgün yanaşma deyildi. Bir neçə gün öncə, İsmayıllı rayonunun Quşencə kəndində bir ananın koronavirusdan 3 gün ərzində ölən iki oğlunu dəfn etdilər. O kənd dərhal nəzarətə götürülməli, giriş-çıxış qadağan olunmalı idi, ancaq olmadı. Bu gün həmin ailədən ana, ata və bacının vəziyyəti ağırdır, nəvələr də bu xəstəliyə tutulublar.Təsəvvür edin, bu müddət əzində başsağlığı vermək üçün xeyli insan da gedib. İndi vəziyyəti təsəvvür edin. Bu, ciddi nöqsandır. İndi hakimiyyət sərtləşdirməyə doğru gedir və bu çox düzgün qərardır. Ancaq bu addımı təbliğ edən, əhali tərəfindən qəbul olunmayan Mirşahin Ağayev və İbrahim Məmmədovdur. Onlar bir mənalı əvəzlənməlidirlər. Əhalinin etibar etdiyi, yaxud da heç tanımadığı şəxslər çağırış etməlidirlər, o zaman bu, ciddi nəticə verər. Özümü misal çəkim, Mirşahin Ağayev və ya İbrahim Məmmədov çıxış edəndə, televizoru söndürürəm. Amma Ramin Bayramlının çıxışını harada eşitsəm, mütləq dinləyirəm. O, yeni fiqurdur. Ramin Bayramlının əvəzinə Oqtay Şirəliyev çıxış etsə idi, insanlar yenə, o cümlədən mən qəbul etməyəcəkdik. Ölkədə yüzlərlə savadlı, peşəkar jurnalistlər var, qısır deyilik ki... Bu gün koronavirusla məlumatı əhaliyə çatdırmaq vəzifəsinə belə jurnalistlərdən biri təyin edilməlidir.
- Necə düşünürsünüz, bəlkə elə inam olmadığına görə Oqtay Şirəliyev üzə çıxmır, Ramin Bayramlını önə çıxarıblar...
- Buna əminəm. Oqtay Şirəliyev çoxdan istefaya getməli idi. Səhiyyə sistemini bu günə salanların başında Oqtay Şirəliyev durur. Hakimiyyətin bəzi addımlarını başa düşürəm. Azərbaycanda “ASAN xidmət” fəaliyyət göstərir, bununla yanaşı köhnədənqalma, eyni fəaliyyəti həyata keçirən “ZAQS”, notariat kontorları ayrıca fəaliyyət göstərirlər. Bu qədər gecikdirmək olmaz, hakimiyyət qətiyyətli addım atmalı, bunlar dərhal ləğv edilməli, “ASAN xidmət”ə verilməlidir. Paralel strukturlar nəyə lazımdır ki... Tədricən etməyə çalışırlar, ancaq gecikirlər, bunları tezləşdirmək lazımdır. TƏBİB də tam formalaşdıqdan, struktur qurulan kimi Səhiyyə Nazirliyini təcili ləğv etmək lazımdır. Onda Oqtay Şirəliyev nazir qalmaqda davam etməklə hakimiyyətə qınaq olmayacaq.
- Struktur və kadr islahatları niyə ləng gedir? Dirəniş göstərilir ona görə?
- Əlbəttə, dirəniş göstərilir. “Dirəniş göstərilir” deyəndə, o demək deyil ki, konkret adamlar əlində silahla durub, müqavimət göstərirlər. Köhnə komanda 30 ildir, kök atıb. Bunları bir günün içində kənara atıb, başqaları ilə əvəzləmək ölkəni xaosa sürükləyər. Bəlamız ondadır ki, siyasilər, sosioloqlar və digər tanınmış şəxslər xarici mətbuatı, oradakı təhlilləri az oxuyurlar. “Ərəb baharı”nı Qərb dövlətləri düşünmüşdülər və həyata keçirdilər. Əmin idilər ki, tez bir zamanda dəyişiklik olacaq. Amma nə alındı? Xaos yaratdılar, xalqları fəlakətə sürüklədilər. Qərb mütəxəssislərinin ən bariz nümayəndələrindən olan Frensis Fukuyamanın təhlili var, qeyd edir ki, bəzi ölkələrdə, yəni Azərbaycan kimi ölkələrdə birdən-birə demokratik sistemə keçmək mümkünsüzdür, bu, xaosa aparar, proses mərhələli şəkildə həyata keçirilməlidir. Azərbaycanda hakimiyyət bunu edir. Nöqsan odur ki, elə bil, gizli edir. Xalq avam, savadsız deyil, izah etmək lazımdır ki, “Biz bu addımı buna görə atırıq”. Biri var bunu Aslan İsmayılov deyir, biri də var, ölkənin rəhbər vəzifəli şəxsləri... Mən 1990-cı illərdə gələndə gördüm ki, Azərbaycan qədər mürəkkəb ikinci ölkə yoxdur. Ona görə burada qohumbazlıq, tayfabazlıq, yerlibazlıq o qədər güclüdür ki... Azərbaycanda bir “JEK” müdirini işdən çıxaranda, az qala ölkənin yarısı silkələnir. “Qoçaqlar” demirlər ki, hamını tutub basmaq lazımdır içəri, gənc kadrlar gətirilməlidir? Bu, mümkünsüzdür! Belə bir addım atılsa, həbs etməyə çatdırmayacaqlar, hakimiyyət devriləcək.
- Siz ölkədə islahatların tərəfdarı olduğunuzu bəyan etmisiniz. Bəzi məqamlarda mövqeyinizə görə təndiq edilirsiniz...
- Bəli. Mən tənqidi həmişə xoş qarşılamışam. İstənilən şəxs tənqidə açıq olmalıdır. Bu, bizim özümüzə faydalıdır. Bəzi hallarda tənqidləri oxuyuram, fikirlərimdə korreksiyalar edirəm. Təhqir isə qəbuledilməzdir. Mənə qarşı olan hücumları təşkil olunmuş sayıram. Bir qrup ki müxalifəti özəlləşdirib, onlar uzun illərdir – Milli Şuranın videokonfrasından da bəlli oldu – yeniliyə qarşı mübarizə aparıblar. Baxın, Qubad İbadoğlunun təmsil olunduğu “BİZ” platforması yaradılmamış hücuma keçdilər. Deyirlər ki, təşkilat yalnız bir dənə olmalıdır. Mənim də fərqli fikirdə olmağımı qəbul etmirlər. Niyə 4 ildir, dirəniş göstərirəm? Təhqir edirlər, nalayiq ifadələr işlədirlər... Bunlar məndən də savadlı, vətənpərvər insanları diksindirib, qorxudub, ictimai həyatdan uzaqlaşdırıblar. Bu, indi deyil ki... 1989-cu ildə Azərbaycan Xalq Hərəkatını yaradan nə Əbülfəz Elçibəy, nə də onun komandası olub. Bu hərəkatı yaradan Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Tofiq Bağırov, Məmməd Xələfov, Aydın Məmmədov, Dilarə Əliyeva, Yusif Səmədoğlu və digər ziyalılar olublar. Amma sonradan KQB agentlərini oraya daxil etdi və ziyalıları didərgin saldılar. Baxın, xalq hərəkatında 1988-ci ildə kimlər olub, 1990-cı illərdə kimlər təmsil olunub. İndi bu gün də həmin yolu tutublar... Çılğın vaxtlarım olub, Bəxtiyar Vahabzadəni, İsmayıl Şıxlını da tənqid etmişəm, hörmətsizlik etməmişəm, üstüörtülü irad bildirmişəm ki, meydanı uşaq-muşağa vermisiniz. Onlar mənə söyləyiblər necə təhqir olunduqlarını. İndi mən də günahımı etiraf edib ona görə geri çəkilmək istəmirəm. Həmin ziyalılar mənə deyirdilər ki, Aslan, müəyyən yaşa çatdıqda, tanınanda gör üzərinə necə gələcəklər. Tam səmimi deyirəm, xüsusilə də son 1 ildə “Facebook” sosial şəbəkəsindəki səhifəmi bağlamaq istəmişəm. Kimlərsə təhqiri özünə reklam saya bilər, adı hallanır. Mən isə təhqirə görə gecəni yatmıram. Belə şeylərə öyrəşməmişəm. Niyə təhqir edilməliyəm, marağım yox, şəxsi biznesim yox, normal həyatımı yaşaya bilərəm. Mən və mənim kimilərimn tarixi missiyası var. Vaxt gələcək, biz olmayanda, insanlar dəyər verəcəklər.
- O zaman Siz 1992-1993-cü illərdə Milli Təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbərin dedikləri ilə razısınız?
- Mən bunu Sülhəddin Əkbər deyənə qədər dəfələrlə vurğulamışam. Sülhəddin Əkbər nə deyib ki? Ortalığı aydınlaşdırmaq istəyirdi, daha da qarışdırdı. Dürüst adamdırsa, adbaad desin! Bizdə hamı şəxsi marağı üçün nəisə sensasiya yaratmaq istəyir. Sülhəddin Əkbərin şəxsi marağı yoxdursa - 27 il gözlədi daha bəsdir - adları açıqlasın. SSRİ dağılanda, ziyalılar bilirdilər ki, Mixail Qarbaçov və onun ətrafı Kommunist Partiyasını nüfuzdan salmaq üçün ona alternativ olaraq bütün respublikalarda xalq cəbhələri yaratdılar. Bu, bütün respublikalarda oldu. KQB-nin icazəsi olmadan bunu etmək mümkün deyildi axı... O başqa məsələ ki, bu gün AXC qurucularının, təşkilatçılarının hamısını o sıraya aid etmək olmaz. DTK bu hərəkatı istədiyi istiqamətə yönləndirdi. Sumqayıt hadisələrini də DTK törətdi, bu işdə məhkəmədə prokuror olmuşam, 30 ildir, bu barədə danışıram, yenə əhali anlamayıb. SSRİ DTK-sının “barmağı” bu gün də qalır. Dəfələrlə demişəm ki, SSRİ DTK-sı məhv olmayıb, sadəcə, həmin əməkdaşlar, funksiyalar Rusiya DTK-sına transfer olunub.