Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov AHİK-in Respublika Turizm və Ekskursiyalar üzrə Şurasında olub.
Pravda.az xəbər verir ki, Şuranın sədri İlmir İsmayılov qurumun fəaliyyəti, turist bazaları haqqında AHİK sədrinə məlumat verib. Bildirib ki, məzuniyyət dövründə ittifaq üzvlərinin səmərəli vaxt keçirmələri və mənalı istirahəti üçün qurum tərəfindən hər cür şərait yaradılır. Onun sözlərinə görə, Şuranın turist bazalarında yay mövsümü ərzində xeyli sayda ittifaq üzvü ailəvi istirahət edir. Konfederasiya sədri inzibati binaya baxış keçirib, otaqları gəzib, əməkdaşların iş şəraiti ilə maraqlanıb, bir sıra tapşırıq və tövsiyələrini verib.
Sonra Konfederasiya sədri Sahib Məmmədov AHİK-in Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasına (AHİTA) baş çəkib. Sədr iş otaqlarını gəzib, məşqçi, paltardəyişmə otaqlarına və idman zallarına baxış keçirib, yaradılmış şəraitlə tanış olub.
Qeyd edək ki, qurumun strukturuna 5 idman cəmiyyəti - “Məhsul”, “Spartak”, “Zenit”, “Gənclik”, “Qarabağ” və 4 idman klubu - “Atilla”, “Pəhləvan”, “Şahmat və Dama”, “Alpinizm və turizm” daxildir. İdman təşkilatlarında 16 (Sərbəst güləş, yunan-Roma güləşi, boks, cüdo, sambo, karate, şahmat, dama, atletika, ağır atletika, güllə atıcılığı, bədii gimnastika, futbol, basketbol, taekvando, alpinizm) idman növü inkişaf etdirilir. Assosiasiyasının idmançıları 2023-cü ildə keçirilən yarışlarda 191 qızıl, 126 gümüş, 164 bürünc medal qazanıblar. Medallardan 32-si Avropa və dünya çempionatlarında əldə olunub.