Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti, tanınmış idmançı Səbuhi Rəcəb və onunla birlikdə ittiham olunan idmançı Elman Mirzəyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Musavat.com xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasına zamində olan Elman Mirzəyev gecikib.
Hakim ona xəbərdarlıq edərək deyib ki, növbəti məhkəməyə gecikərsə, barəsində tədbir görüləcək.
Daha sonra dövlət ittihamçısı Eldar Həmzə ittiham aktını elan edib. İttihama görə, Səbuhi Rəcəbə yeni cinayət işinin başlanmasına səbəb 2021-ci ildə gəlinini amansızlıqla öldürən 75 yaşlı İdris Məhərrəmovun yaxınlarını aldatması olub. Bu yerdə xatırladaq ki, İdris Məhərrəmov 3 il əvvəl bir evdə yaşadıqları 32 yaşlı gəlini Banu Məhərrəmovanı balta ilə doğrayıb, hissələrini toplayıb zibil qabına atıb. Sonradan qayınatanın cinayəti hansı səbəbdən törətməsini etiraf etdiyi ifadəsi yayılıb. Ahıl qayınata həbs edildikdən sonra yaxınları onun istintaq dövrü müddətində ev dustaqlığına buraxılması üçün yollar axtarıblar. Həmin vaxt Səbuhi Rəcəblə tanış olublar. İdris Məhərrəmovun qızının əri Azər Ələkbərov bu məsələdə vasitəçilik edib. Razılaşmaya əsasən, Səbuhi Rəcəb İdris Məhərrəmovu ev dustaqlığına buraxdırmalı və gələcəkdə cinayət məsuliyyətini yüngülləşdirəcəkmiş. Bu məsələlərin həll edilməsi üçün Səbuhi Rəcəb İdris Məhərrəmovun kürəkənindən ayrı-ayrı vaxtlarda 155 min manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib. Bir müddət sonra İdris Məhərrəmov xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilib. Səbuhi Rəcəb bu dəfə də onun yaxınlarına söz verib ki, apellyasiya məhkəməsi vasitəsi ilə İdris Məhərrəmovun cəzasının şərti cəza ilə əvəz etdirəcək. Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxladıqdan sonra İdris Məhərrəmovun yaxınları aldanıldıqlarını qəbul ediblər.