Heydər Əliyev: "Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir"
15 iyun 1993-cü il Müstəqil Azərbaycan dövlətinin tarixinə daxil olmuş əlamətdar və ən əhəmiyyətli günlərdən biridir. Çünki məhz həmin gün xalqının səsinə səs verən, bütün çətinliklərə baxmayaraq Azərbaycanın taleyinə biganə qalmayan, xilaskarlıq missiyasını öz üzərinə götürən, bir milləti məhv olmaq təhlükəsindən qoruyan Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyə yenidən qayıtdığı tarixdir. Parçalanmaqdan, qırılmaqdan, vətəndaş müharibəsindən bizləri xilas edən o böyük lider müstəqil Azərbaycan dövlətinin memarı, müasir tariximizin banisi oldu. Nəbzi daim Azərbaycan naminə döyünən, həyatını,varlığını xalqına sərf edən Ümummilli lider Azərbaycanın hər bir qarış torpağını, hər bir bölgəsini sonsuz məhəbbətlə sevirdi. Təbii ki, bu sevgidən, məhəbbətdən füzulilərin də xüsusi payı vardır.
1994-cü il yanvar ayının 5-də reallaşan uğurlu “Horadiz” əməliyyatı Ulu Öndər Heydər Əliyevin füzulilərə ən böyük bəxşişi oldu. Azərbaycan Milli Ordusunun ilk mühüm qələbəsi olan bu əməliyyat nəticəsində Horadiz və 22 yaşayış məntəqəsi düşməndən azad olundu. Bu gün məhz həmin torpaqlarda rahat yaşayan və işləyən füzulilər Ulu Öndər Heydər Əliyevin siyasətini, onun həmişəyaşar ideyalarını ürəkdən dəstəkləyirlər.