Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl şəhərində “Azərsun Holding” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub.
Pravda.az xəbər verir ki, “Azərsun Holding” şirkətinin Müşahidə Şurasının sədri Abdolbari Gözəl dövlətimizin başçısına istehsal kompleksi haqqında məlumat verdi.
Bildirildi ki, qazlı və qazsız su, soyuq çay, soyuq qəhvə, limonadlar, təbii meyvə şirəli içkilərin istehsal ediləcəyi müəssisənin illik istehsal gücü 250 milyon PET şüşə, 350 milyon alüminium tənəkə qutu təşkil edəcək. Ölkəmizdən valyuta axınının qarşısının alınmasına töhfə verəcək alkoqolsuz içkilərin istehsalı kompleksi müasirlik və dayanıqlılıq prinsiplərinə uyğun avadanlıqlarla təmin ediləcək. Müəssisədə alternativ enerji mənbələrindən istifadə olunacaq.