Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov Milli Qurtuluş Günündən danışıb.
Siyavuş Novruz ilk növbədə, bu bayram münasibətilə xalqı təbrik edib.
O qeyd edib ki, dini və xalqımızın çoxəsrlik ənənələrinə söykənən milli bayramlardan sonra ən birinci bayram Milli Qurtuluş Günüdür: “Çünki digər bayramları biz məhz Qurtuluş günündən sonra yüksək səviyyədə qeyd etmək imkanı əldə etmişik. Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Ölkəmiz bütün sahələrdə davamlı uğurlar qazanaraq öz gücünü daha da artırır. Azərbaycanın 29 ilə yaxın müddəti əhatə edən müstəqillik tarixinə nəzər saldıqda görürük ki, respublikamız heç də bugünkü yüksəliş və tərəqqi mərhələsinə asanlıqla çatmayıb. Müxtəlif situasiyalarla üzləşən ölkəmizin müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafı, hər şeydən əvvəl, məhz lider amili ilə bağlı olub. XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr inkişaf və sabitlik illəri kimi yadda qalıb. Bu gün isə Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib.
Ümumiyyətlə, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ikinci ilinə təsadüf edən Qurtuluş Günü ilə əlaqədardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Heç şübhəsiz, XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi xarakterizə olunur. Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qalsa da, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və davamlı uğurlara yol açılması bu gün harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük qürur hissi ilə xatırlanır, gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaradır. Çünki bu yol hər günü Azərbaycanın tarixinə mühüm uğur səhifəsi kimi yazır. Məhz bunun nəticəsidir ki, ölkəmizin ötən 27 ildə əsrə bərabər inkişaf yolu keçməsi beynəlxalq səviyyədə də etiraf olunur və yüksək dəyərləndirilir. Bütün bu məsələləri daha yaxşı nəzərdən keçirmək üçün hazırkı reallıqların fonunda həmin tarixi dövrün proseslərinə və onların nəticələrinə xüsusi diqqət yetirmək lazımdır.
1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycan ilk illərdə olduqca mürəkkəb situasiya qarşısında idi. İstər ölkə daxilində dövlət idarəçiliyinin düzgün təşkil olunmaması, istər kəskin sosial-iqtisadi problemlər, istərsə də qeyri-sabitlik, xaos və qarşıdurmalarla müşayiət olunan proseslər ölkənin başlıca reallıqlarını təşkil edirdi. Hətta ordu və dövlət quruculuğu istiqamətində hər hansı bir əhəmiyyətli addımlar atılmır, daxili çəkişmələr nəticəsində Azərbaycan vətəndaş müharibəsi astanasında idi, separatizm baş qaldırmışdı, bədxah qonşularımızın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkar siyasəti davam edirdi. Həmin dövrdə daxildəki bəzi qüvvələr hakimiyyətə gəlmək üçün müxəlif xarici kəşfiyyat orqanları ilə işbirliyi edərək ölkəmizin müstəqilliyinə qarşı çıxırdılar. Siyasi partiyaların silahlı dəstələrə malik olması, ayrı-ayrı kriminal dəstələrin yaradılması, ictimai-siyasi sabitliyin olmaması Azərbaycanı süqutun astanasına gətirib çıxarmışdı. Milli maraqlardan uzaq mövqe tutan səriştəsiz insanların hakimiyyətdə olması həm ölkə daxilində hərc-mərcliyin, xaosun, ciddi böhran və tənəzzül meyillərinin yaranmasına səbəb olmuşdu, həm də erməni təcavüzü ilə üzləşən Azərbaycan çarəsiz vəziyyətdə qalmışdı.