Ramana qəsəbəsində həyat yoldaşını boğaraq öldürən Nurəddin Məmmədovun məhkəmə prosesinin növbəti iclası keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O bildirib ki, hadisə xəyanət zəminində olub:
"Mayın 5-də hava küləkli olduğu üçün usta kimi çalışdığım işdən tez ayrılmışdım və bu barədə ailəmə məlumat verməmişdim. Artıq məndə şübhələr yarandığı üçün evə arxa qapıdan daxil oldum. Otağın qapısına çatanda eşitdim ki, o, kiminləsə danışır və "yox, göstərə bilmərəm, uşaqlar yanımdadır" ifadələrini işlədirdi. İçəri girəndə gördüm kimləsə qeyri-etik geyimdə danışır. Əlindən telefonu alanda zəngi söndürdü. Yenidən həmin nömrəsinə zəng etdikdə bir oğlan cavab verdi və həmin an söndürdü. Olayın izahını tələb etdikdə, mənə bildirdi ki, nömrəni bacısı Aytən verib.
Dedim ki, yaxşı, o verib sən niyə danışırsan? Dedi ki, uşaqlar eşitməsin deyə digər otağa keçək. Keçdikdən sonra məni təhqir etməyə və hədə-qorxu gəlməyə başladı. Bildirdi ki, bacısı ilə həmin danışdığı kişi gəlir, evə psixotrop maddə atıb məni tutduracaq. Daha sonra ona xəbərdarlıq etdim. Lakin o, təhqirlərinə davam etdi. Mən də əsəblə onu boğmağa başladım. Özümə gələndə gördüm ki, artıq nəfəsi kəsilib. Sonra qardaşıma zəng etdim. Hadisəni dedim. Dəstəyi asdıqdan dərhal sonra polisə zəng edib təslim oldum. Elə hadisə yerində polis əməkdaşlarının gəlməyini gözlədim".
Nurəddin Məmmədov əlavə edib ki, Ayşə ilə öz istəkləri ilə ailə qurublar:
"Biz sevərək ailə qurmuşuq. Qoşulub qaçıb, daha sonra ailələrə bildirmişdik. Ailələr barışdıqdan sonra toy olub".
O, aralarında problem olmadığını da deyib:
"Belə bir hal ilk 5 il ərzində olmamışdı. Bu ilin yanvar ayının axırında bildim ki, kimləsə danışır. Mən onun telefonla yazışdığını gördüm. Əlindən almağa çalışanda, qaçdı mətbəxə, telefonu da söndürdü. Daha sonra gördüm ki, "WhatsApp" tətbiqini silib.
Sonra rayona getdi və qayıdanda telefonu yox idi. Onda da əməlindən əl çəkmədi. Gördüm ki, gecələr mənim telefonumla yazışır. Səbəbini soruşurdum. Deyirdi bir səhvdir, uşaqlıqdır etmişəm. Amma görürdüm ki, yenə də eyni əməli təkrar edirdi. Mən daha sonra telefonumla Ayşənin telefonunun "Gmail" adreslərini birləşdirdim. Gördüm ki, bütün yazışmalarını ekrandan çəkir saxlayır. Hər dəfə bunlar haqda soruşanda, deyirdi ki, "Aytənin işidir".
Daha dözməyib onu vurmuşdum. Bu məsələdən anasını da xəbərdar etdim. Dedi qızımla danışmışam, hər şey qaydasındadır. Dedim gəl məsələni həll et, yol pulunu da verirəm. Gəlmədi. Atası ilə hörmət saxladığımdan ona heç nə deməmişdim. Amma qardaşına məlumat vermişdim.
Bu iş boşanmağa qədər getmişdi. Fevral ayında məhkəməyə müraciət edərək, xəyanət səbəbindən boşanmaq istədiyimi söylədim. Fevralın 26-sı artıq işimizə məhkəmədə baxılacaqdı. Lakin ondan öncəki gecə ailəsinin təkidi ilə barışdıq".