Gürcüstanın sabiq islahatçı lideri ABŞ-da son bir neçə həftədir polis zorakılığına qarşı etirazlar fonunda tövsiyə mahiyyətli məqalə ilə çıxış edib. Foreign Policy jurnalından dərc olunan məqalədə Mixeil Saakaşvili prezident ikən Gürcüstanda apardığı islahatlardan danışıb.
"2004-cü ildə Gürcüstanda baş verən Qızılgül İnqilabından sonra mən iflasa uğramış bir ölkənin prezidenti oldum. Hüquq-mühafizə orqanları cinayətkar qanqsterlər kimi fəaliyyət göstərirdi. Zabitlər rüşvət tələb edirdi, narkotik və silah qaçaqmalçılığı ilə məşğul olurdu, siyasi və biznes elitasının pulgir təhlükəsizlik qüvvəsi kimi çalışırdı,” Saakaşvili yazır.
Onun sözlərinə görə, Gürcüstan “yırtıcı polis” anlayışının nümunəsinə çevrilmişdi: Polislər ictimai təhlükəsizliyi təmin etmək əvəzinə vətəndaşları soyaraq özləri və sahiblərini zənginləşdirirdi.
2003-cü ildə aparılan rəy sorğusunun nəticələri gürcülərin yalnız 2.3 faizinin polislə bağlı müsbət düşüncələrinin olduğunu göstərirdi. “Lakin biz bir neçə il ərzində bunu dəyişə bildik və Birləşmiş Ştatlar kimi polis sistemində islahatlarla çarpışan ölkələr üçün bir modelə çevrildik,” Saakaşvili bildirir.
Keçmiş dövlət başçısı deyir ki, hüquq-mühafizə orqanlarında korrupsiya mütəşəkkil cinayətkarları, Sovet İttifaqında “vor v zakone” kimi tanınan kriminalları gücləndirirdi. Qanqsterlərin liderləri təkcə de fakto polis deyil, həm də hakim, münsiflər məhkəməsi və icraedicilər qismində xidmət göstərirdi. Polisin özü də mütəşəkkil cinayətkarlarla əməkdaşlıq edirdi.
“Gürcüstan icmasında dövlət qurumlarına dərin şübhə mövcud idi. 1993-cü ildə məktəb şagirdləri arasında keçirilən rəy sorğusunun nəticəsi onların dörddə birinin böyüyəndə qanuni oğru olmaq istədiklərini göstərmişdi, çünki bu gənclər polisin onların icmalarından sistematik şəkildə sui-istifadə etdiyinin şahidi olmuşdu. Buna görə də, əlbəttə ki onlar qanqsterlərə hüquq-müfahizə orqanlarından daha çox hörmət edirdilər,” Saakaşvili bildirir.
Onun sözlərinə görə, bu səbəbdən də polislə bağlı islahatar çərçivəsində təkcə qurumlardakı struktur dəyişməməli idi, həm də daha yaxşı siyasət tərtib olunmalı idi.