Son illər internet üzrə tanışlıqların fəsadları artıb. Belə fəsadlardan biri də qızların, hətta bəzi hallarda evli qadınların başqası ilə qaçmasıdır. Buna səbəb nədir və qarşısını necə almaq olar?Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Zeynəb Əyyubova bildirdi ki, buna səbəb çox vaxt ailə arasında mənəvi boşluqların olmasıdır:
"Əgər bir qız məktəbi qurtarıbsa, ali təhsil almaq fikri yoxdursa, ancaq evdə oturursa, yəni heç bir məşğuliyyəti yoxdursa, bu qızın sosial şəbəkələrdə çox olması, sosial şəbəkələrdə aktiv fəaliyyəti normal haldır. Çünki başqa bir işi, başqa bir məşğuliyyəti yoxdur. Amma məsələnin bu tərəfinə baxaq ki, sosial şəbəkədə kimləsə tanış olmaq, kimləsə normal şərtlərdə danışmaq, kimdənsə normal şəkildə dost olmaq, bu münasibəti irəlilətmək pis bir şey deyil. Amma niyə qaçmaq? Niyə adət-ənənəyə uyğun olaraq hər bir qızın istədiyi kimi normal şərtlərlə getmirlər, bax bizdə bu, sual doğurur. Qaçan qızların adətən şüuraltısına, travmalarına, həyat tərzinə baxanda travmatik bir uşaqlıqları olur. Yəni evdən qurtuluş üçün qaçırlar. Ona görə də onlar tanış olub ilk onlara yaxşı bir söz deyən və ya yaxşı vəd verən insanla ailə qurmaq istəyirlər".