“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu 10-cu Beynəlxalq Kitab Sərgisinin alıcıların sayının az olmasında nəşriyyatların günahlandırılması, bahalaşma dönəmində alıcı cəlbi üçün reklamların zəif olması barədə tənqidlərə münasibət bildirib.
Xuduoğlu Pravda.az-a açıqlamasında deyib ki, sərginin keçirilməsi üçün dövlət vəsait ayırıb: “Nəşriyyatlar reklamlarını özləri gücləndirəcəklərsə, onda Beynəlxalq Kitab Sərgisinə nə ehtiyac var? Bu sərginin keçirilməsi üçün dövlətdən büdcə ayrılıb və bu sərgini keçirən şirkət var. Həmin şirkət reklam işlərini aparmalıdır, çünki buna görə pul alıb. Biz var gücümüzlə qüvvəmizdən istifadə edib reklam edirik. Amma kitab reklamı təkcə bizim gücümüzlə olacaq iş deyil. Məsələn, metrolarda reklam asmaq bizim gücümüzlədir? Şəhərin bəzi görkəmli yerlərində, hava limanının giriş-çıxışında, vağzallarda reklam asmaq bizim gücümüzlədir? Xeyr! Bunu müvafiq dövlət strukturları icra etməlidir. Təbii ki, kitab təbliğatında maraqlıdırlarsa... Hər halda Azərbaycan kitabının təbliğində çox qüvvələr maraqlı deyillər. Mən yalnız bunu görürəm, bilirəm. Onlar üçün Azərbaycan kitabının olmasının, ya ölməsinin heç bir əhəmiyyəti yoxdur”.