Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin bütün vasitələrlə hücum silahları ilə təchiz olunan, konstitusiyasında və digər hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarını davam etdirən Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır.
Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Ermənistanın hərbiləşdirilməsinə bəraət qazandırması və Azərbaycandan iddia olunan təhdidlər barədə söylədiyi fikirlərə dair şərhində bildirilib.
Qeyd olunub ki, indi də Ermənistan XİN-in mətbuat katibi Ermənistan Konstitusiya Məhkəməsinin Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyalarının birgə fəaliyyətini tənzimləyən reqlamentin Ermənistan konstitusiyasına uyğunluğu barədə bu yaxınlarda qəbul etdiyi qərara onların konstitusiyasında “qonşularına qarşı ərazi iddialarının mövcud olmadığının” “təsdiqi” kimi istinad edir.
Bu iddiaya dair faktları yoxlayarkən, Ermənistan tərəfinin hələ 2010-cu ilin yanvarında Türkiyə ilə münasibətlərinin normallaşdırılmasına dair protokolların onun konstitusiyasına uyğunluğu ilə bağlı konstitusiya məhkəməsinin qərarının təfərrüatlı şəkildə əsaslandırıldığı zaman qondarma “Qərbi Ermənistan” iddialarından əl çəkmədiyini xatırlamaq kifayətdir.
Eyni məntiq və yanaşma məhkəmənin Azərbaycanla Ermənistan arasında sərhəd komissiyalarının reqlamentinin Ermənistan konstitusiyasına uyğunluğu ilə bağlı 26 sentyabr 2024-cü il tarixli qərarının qəbulu zamanı da tətbiq edilib. Məhkəmə qərarında hazırda Ermənistana məxsus olan rayonların sadalanmasına baxmayaraq, Azərbaycan ərazilərinə iddianı ehtiva edən Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın əks olunduğu preambulanın konstitusiyanın ayrılmaz hissəsi kimi əhəmiyyəti vurğulanıb. Xüsusən də, məhkəmə qərarında preambula və dolayısı ilə Müstəqillik Bəyannaməsi “erməni dövlətçiliyinin əsas prinsipləri” kimi səciyyələndirilib və onların dəyişilməz müddəalar olduğu qeyd edilib ki, bu da Ermənistanın Azərbaycan ərazilərə qarşı iddialarından irəli gələn təhdidi daha da artırır.
Almatı Bəyannaməsi məsələsinə gəlincə, məlumdur ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında 8 dekabr 1991-ci il Sazişində və 21 dekabr 1991-ci il Almatı Bəyannaməsində nəzərdə tutulan ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmətlə bağlı müddəalarda MDB-yə üzv dövlətlər arasında faktiki sərhədlərin hansı olduğu və ya hər bir dövlətin tərkibinə hansı ərazilərin daxil olması məsələsinə aydınlıq gətirilmir. Beləliklə, Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz.
Ermənistanın 18 fevral 1992-ci il tarixində MDB-nin yaradılması haqqında sazişi qeyd-şərtlə ratifikasiyasını inkar etmək olmaz. Üstəlik, Ermənistan qeyd-şərtlər etmək niyyətini hələ 26 dekabr 1991-ci il tarixində Ermənistan Ali Soveti MDB-nin yaradılması haqqında sazişə dair Protokolu ratifikasiya edəndə rəsmən bəyan edib. MDB-nin yaradılması haqqında sazişin ratifikasiyasına dair Ali Sovetin 18 fevral 1992-ci il tarixli qərarının 10-cu bəndində aydın şəkildə göstərilir ki, Ermənistan Respublikası qondarma “Dağlıq Qarabağ Respublikasını MDB-yə daxil olmaq hüququ olan müstəqil dövlət hesab edirdi”.