İstənilən qalmaqallı qətldən dərhal sonra qatil(lər) məlum deyilsə, ortaya belə bir sual çıxır: “Bu qətl kimə sərf edirdi”? Kriminalistlər bu sualla yola çıxır və mənzil başına doğru irəliləyirlər. Çox nadir hallarda bu yol uğursuzluqla nəticələnir.
Vidadi İsgəndərlinin qətlə yetirilməsindən sonra Fransada, bu ölkənin mətbuatında qoparılan ajiotaj yuxarıdakı sualın cavab variantlarından biri kimi görünür. Fransa mediası, qeyri-hökumət və hökumət strukturları sanki bu hadisənin baş verəcəyini gözləyirmişlər ki, Azərbaycana qarşı çoxdan başlatdıqları qara piar kampaniyasını yeni dalğa ilə davam etdirsinlər.
Bu halda düşünməyə ehtiyac var: Azərbaycanda kimlərsə öz ölkəsinə qarşı iyrənc kampaniya aparan birinin susdurlmasını vacib sayırdılarsa, bunu 5-6 ay öncə, yaxud 5-6 sonra etməliydilər. Niyə məhz COP29 kimi böyük bir tədbirin başlanması ərəfəsində edirdilər?
Hər kəs görür, müşahidə edir ki, Azərbaycan hakimiyyəti bu ərəfələrdə suyu üfürə-üfürə içir, hətta aqressor ermənilərlə pişim-pişimlə davranır ki, böyük beynəlxalq tədbirin yüksək səviyyədə baş tutması planında hər hansı bir axsaqlıq olmasın. Bu halda danışığı ilə özünü cəmiyyətin gözündən salmış, daima cığallıq edən biri kimi tanınan bir tənqidçinin öldürülməsi iqtidar komandasının marağında qətiyyən ola bilməzdi. Çünki hər kəs anlayır ki, ilk şübhə yeri məhz İsgəndərlinin hücum etdiyi dairələr olacaq və bu, sonsuz başağrısı deməkdir.
Əksinə, Azərbaycanı istəməyən, onunla düşmənçilik və intirqa aparan dairələrin aylardan bəri götürdükləri kurs COP29-un arzuolunan səviyyədə alınmaması, başqa ölkələr, xüsusilə də qüdrətli dövlətlər tərəfindən boykot olunmasıdır. Budur, bunun üçün onlara bəhanə verilib. Hazır bir iddia dövriyyəyə buraxıldı: “Azərbaycan demokratik ölkə deyil, öz tənqidçilərini öldürür, demək, Bakıya getmək lazım deyil”...
Bu, törədilmiş cinayət kələfinin çözülməsi üçün ən güclü ipucudur. Amma çətin ki, Fransa kriminalistləri bu ipucundan yapışalar...
Əgər bu hadisə Azərbaycanda baş versəydi və qatillər nəinki isti izlə, ümumiyyətlə, bir müddət tapılmasaydı, o zaman Azərbaycanın hüquq-mühafizə orqanlarını qınamağa, hətta cinayəti ört-basdır etməyə çalışmaqda ittiham etməyə əsas olardı.
Ancaq cinayət Fransada baş verib və bu ölkənin hüquq-mühafizə orqanları qətlin icraçılarını tapmalıdırlar və onların vasitəsilə sifarişçilərə çıxmalıdırlar.
Ortalıqda heç nə, heç bir dəlil-sübut yoxkən, başqa bir dövlətin rəsmilərini suçlamaq təqsirsizlik prezumpsiyasına, beynəlxalq hüquq normalarına, siyasi əxlaqa ziddir. Üstəlik, ümumiyyətlə, ciddi ittiham sayıla bilməz.
Müasir izləmə, qeydəalma texnologiyaları o qədər inkişaf edib ki, fransız kriminalistlər onların vasitəsilə cinayətdə əli, rolu olanları çoxdan tapmalıydılar. Necə olur, hansısa bankomatı, marketi soymağa çalışan maskalı birini bir saatın içində tapıb-tuturlar, o boyda cinayəti törədənləri tapmaq olmur?
Klassik təhqiqatçıların təsdiqləməsinə görə, heç bir ağır cinayətin, xüsusilə də qətlin izsiz həyata keçirilməsi mümkün deyil. Mütləq hadisə yerində nəsə bir iz qalır və onun vasitəsilə qatil(lər)i tapmaq mümkün olur. Yayılmış rəsmi informasiyaya görə, V.İsgəndərliyə 3 nəfər hücum edib və o, hadisədən sonra bir müddət sağ olub. Demək, hansısa izlər qalıb və fransız kriminalistlər onların üzərində işləyərək bir nəticəyə nail olmalıdırlar.