"Qərbin Azərbaycana qarşı riyakar siyasəti davam etməkdədir. Bu riyakar siyasət torpaqlarımız işğal altında olduğu 30 ildə Azərbaycanı erməni işğalı ilə barışdırmağa hesablanmışdısa, bu gün torpaqlarımızda aparılan yenidənqurma və bərpa işlərinin həzm edə bilməməkdə ifadə olunur". Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, torpaqlarımızın işğal altında olduğu illərdə ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı nə ABŞ, nə də Fransa danışmaq belə istəmirdi: "Onlar Azərbaycanı işğalla barışdırmağa və alçaldıcı sülh bağlamağa çalışırdı. Dövlət başçımız isə açıq şəkildə torpaqlarımızdan bir qarış belə Ermənistana verməyəcəyimizi və işğalla heç vaxt barışmayacağımızı bəyan edirdi. Həm də dövlət başçımız bütün tribunalardan qeyd edirdi ki, münaqişə danışıqlar yolu ilə tənzimlənməzsə, torpaqlarımızı müharibə yolu ilə azad edəcəyik. Amma onlar münaqişənin hərb yolu ilə həllinin olmadığını bildirirdilər. Halbuki BMT TŞ-nın 4 qətnaməsi icra olunmalı idi və ATƏT Minsk qrupunun işi bir başa bu idi. Ermənistanın işğal altında saxladığı ərazilərimizdəki bütün maddi-mədəni irsimizi viran qoyması Qərbin gözü qarşısında baş verirdi. Amma bizi alçaldılcı sülhə dəvət edənlər ermənilərə güldən ağır bir söz demirdilər. İndi isə Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. O cümlədən işğaldan azad etdiyimiz əraziləri yenidən qurub bərpa edirik və keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarırıq. Amma torpaqlarımız işğal altında olduğu dövrdə bizi işğalla barışdırmaq istəyənlər bu gün isə öz suverən ərazilərimizdə apardığımız quruculuq işlərini həzm edə bilmirlər. Onlar suverenliyimizin bərpasını belə həzm edə bilmir və Azərbaycanın öz gücü ilə suverenliyini necə bərpa etdiyini düşünürlər. Ona görə də Ermənistanı sürətlə silahlandırır və ABŞ-nin Azərbaycana sanksiyalar tətbiq etmək planları üzərində işləyirlər.